2022-ci ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 1 milyard 594 milyon manat təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin sonu ilə müqayisədə 20,3 % çoxdur.
Bu ilin əvvəlinə sektorun aktivlərinin 719 milyon manatı və yaxud 40 %-i qiymətli kağızlara investisiyalar olub. Bu, ötən ilin əvvəlinə nisbətən 35,2 % çoxdur.
O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 38,3 % artaraq 632 milyon manata, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 16 % artaraq 87 milyon manata çatıb.
Hesabat dövründə sektorun depozit hesablarındakı vəsaitləri 3,6 % artaraq 319 milyon manat, pul vəsaitlərində olan digər aktivləri 15,5 % artaraq 119 milyon manat, digər aktivləri isə 14,7 % artaraq 438 milyon manat təşkil edib.