​Azərbaycanın sığorta sektorunda əməliyyat risklərinin idarə edilməsi zəif inkişaf edib

​Azərbaycanın sığorta sektorunda əməliyyat risklərinin idarə edilməsi zəif inkişaf edib Ekspert: MDB ölkələri arasında Azərbaycanda bu sahədə inkişaf aşağıdır
Maliyyə
3 İyul , 2015 13:55
​Azərbaycanın sığorta sektorunda əməliyyat risklərinin idarə edilməsi zəif inkişaf edib

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri əməliyyat risklərinin idarə edilməsi baxımından az inkişaf edib. "Report"un verdiyi xəbərə görə, bu barədə "Deloitte Azerbaijan" şirkətinin Audit Departamentinin direktoru Tural Hacıyev iyulun 2-3-də Bakıda keçirilən sığorta forumu çərçivəsində təşkil edilən seminarda məlumat verib.

Onun sözlərinə görə, MDB ölkələri arasında Azərbaycanda bu sahədə inkişaf aşağıdır. Lakin departament müdiri ölkədənin bank sektorunda əməliyyat risklərinin idarə edilməsi baxımından vəziyyətin daha yaxşı olduğunu qeyd edib.

T.Hacıyev bildirib ki, bank sığortası sahəsinin genişlənməsi üçün ölkədə fəaliyyət göstərən sığorta şirkətləri yalnız satış deyil, risk proseslərini də təkmilləşdirməli, banklara uyğunlaşdırmalıdır.

"Qala Həyat" sığorta şirkəti İdarə Heyətinin üzvü, Anderraytinq və təkrarsığorta Departamentinin müdiri Tatyana Savelyeva da çıxışında deyib ki, şirkət banklarla açıq biznes mühitində işləyir: "Biz kredit sığortası satırıq. Hazırda digər məhsullar üzərində də işləyirik. Bir sıra pilot məhsullar təqdim olunub. Biz kredit həyat sığortası məhsuluna diqqətimizi cəmləmişik. İpoteka həyat sığortası ilə 20 bankla, istehlak kreditləri üzrə isə 7 bankla əməkdaşlıq edirik. Azərbaycanda bu bazar məhsulları geniş yayılmayıb".

Onun sözlərinə görə, Azərbaycanda 3 həyat sığortası şirkəti fəaliyyət göstərir ki, ötən il "Paşa Həyat"şirkəti 41,9 mln. manat yığımla birinci, "Atəşgah Həyat" 37,93 mln. manatla ikinci, "Qala Həyat" isə 25,16 mln.manatla üçüncü olub:"Qala Həyat"da artım korporativ yığım hesabına olub".

"Hazırda ölkədə banklar həyat sığortasını risklərin azaldılması aləti kimi görürlər. Bankların bu sahəni əlavə gəlir mənbəyi kimi görməsi üçün təlimlər və əməkdaşlıq genişləndirməlidir", - deyə şirkət rəsmisi vurğulayıb.

"HSBC Turkey"in Bank sığortası Departamentinin direktoru Hakan Sezik çıxışında Azərbaycanda gördüklərinə əsasən yaxın gələcəkdə bu ölkədə bank sığortasında böyük uğurlara nail olunacağını deyib: "Türkiyədə insanlar banklara sığorta şirkətlərindən daha çox etibar edirlər. Yəqin ki, bu, Azərbaycanda da belədir. Ona görə bundan istifadə edərək müştərilərə daha sadə, anlaşıqlı məhsul təqdim etməklə öz təkliflərini güclənləndirmək olar".

O bildirib ki, Türkiyənin bank sığortası sahəsində kreditlərin müdafiəsi 83% təşkil edir.

Son xəbərlər

Orphus sistemi