Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkətinin xətti ilə 368,915 mln. manat sığorta haqqı toplanılıb.
"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur.
Xatırladaq ki, Azərbaycanın sığorta bazarında sonuncu dəfə artım bu ilin yanvar-aprel aylarının yekununda qeydə alınıb. 4 ay ərzində yerli sığortaçıların daxilolmaları 194,172 mln. manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,75% çox olub. Yanvar-may, yanvar-iyun və yanvar-iyul aylarının yekununda isə sığorta bazarı müvafiq olaraq 0,8%, 3,2% və 0,8% azalma nümayiş etdirib. Başqa sözlə, 3 aylıq fasilədən sonra bazarda yenidən artım başlayıb.
Təhlil olunan 8 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 22,15% artaraq 167,061 mln. manat təşkil edib.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,3 manatı ödəniş edilib. 2016-cı ilin müvafiq dövründə bu göstərici 38,4 manat olub.
Sığorta daxilolmalarının 68,6%-i və yaxud 252,978 mln. manatı könüllü sığorta növlərinin, 31,4%-i və yaxud 115,937 mln. manatı isə icbari sığorta növlərinin payına düşüb. Son 1 ildə könüllü sığorta bazarı 11,7% böyüyüb, icbari sığorta bazarı isə 10,5% kiçilib.
Sığorta ödənişlərinin isə 78,3%-i və yaxud 130,746 mln. manatı könüllü sığorta növlərinin, 21,7%-i və yaxud 36,314 mln. manatı isə icbari sığorta növlərinin payına düşüb. Ötən ilin yanvar-avqust aylarına nisbətən (illik müqayisədə) könüllü sığorta növləri üzrə ödənişlər 30,5% artıb, icbari sığorta növləri üzrə ödənişlər isə 0,7% azalıb.
Sığorta haqlarında həyat sığortasının payı 137,316 mln. manat və yaxud ümumi yığımların 37,2%-i qədər, qeyri-həyat sığortasının payı isə 231,6 mln. manat və yaxud ümumi yığımların 62,8%-i qədər olub. Son 1 ildə həyat sığortası bazarı 30,3% böyüyüb, qeyri-həyat sığortası bazarı isə 7,65% kiçilib.
Sığorta ödənişlərinin isə 47,3%-i və yaxud 79,05 mln. manatı həyat sığortasının, 52,7%-i və yaxud 88,011 mln. manatı isə qeyri-həyat sığortasının payına düşüb. Ötən ilin ilk 8 ayına nisbətən (illik müqayisədə) həyat sığortası üzrə ödənişlər 63,1% artıb, qeyri-həyat sığortası üzrə ödənişlər isə 0,3% azalıb.