Azərbaycanın səhm bazarı - Bu il hansı sektorlarda dəyişikliklər gözlənilir?

Azərbaycanın səhm bazarı - Bu il hansı sektorlarda dəyişikliklər gözlənilir? Postpandemiya şəraitində dünya səhm bazarında hərəkətliliyin artacağı gözlənilir. Bəs Azərbaycanda bu bazarda vəziyyət necədir? Bu il hansı şirkətlərin səhmlərinin artacağı ehtimalı var?
Maliyyə
153
18 Yanvar , 2022 13:30
Azərbaycanın səhm bazarı - Bu il hansı sektorlarda dəyişikliklər gözlənilir?

Postpandemiya şəraitində dünya səhm bazarında hərəkətliliyin artacağı gözlənilir. Bəs Azərbaycanda bu bazarda vəziyyət necədir? Bu il hansı şirkətlərin səhmlərinin artacağı ehtimalı var?

“Report” Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərindən birinin Xarici Bazarlar Departamentinin rəhbəri Valeh Qənbərovla səhm bazarı mövzusunda müzakirə aparıb.

2022-ci il neft ili ola biləcəyin ehtimal edən V.Qənbərov fikrini belə əsaslandırdı:

“Pandemiya dövrü bitmək üzrədir, dövlətlər sərhədlərini açır, şirkətlər onlayn iş rejimindən ənənəvi formata qayıdırlar. Bütün bunlar o deməkdir ki, neftə olan tələb təklifi üstələyəcək. Bu da özünü neft qiymətlərində göstərəcək.

“Neft ili” dedikdə bu enerji növünün qiymətinin 100 ABŞ dollara qədər artımını nəzərdə tuturam. Hazırda neft bazarında qıtlıq hiss olunur, növbəti aylarda qıtlığın pik həddə çatacağı gözlənilir. Neftin qiymətinin artımı neftlə bağlı səhmlərin qiymətinə də birbaşa təsir göstərəcək. “Exon”, “Chevron”, BP kimi şirkətlərin səhmlərinin qiymətləri yüksək qiymətləndiriləcək. Bu tendensiya təkcə neft istehsalçılarına deyil, neft servisi ilə məşğul olan şirkətlərə də aid olacaq”.

Ekspert eyni tendensiyanın Azərbaycana da şamil edilməsini doğru hesab edir:

“Azərbaycan bazarına gəlincə, səhmlərinin ticarəti aparılan şirkətlərin sayı çox azdır. Amma neft sahəsində hiss olunan artım Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gəlirlərinə birbaşa təsir göstərəcək. Bu da indiki xərc dövründə dövlətimiz üçün olduqca böyük dəstək hesab oluna bilər”.

V.Qənbərovun fikrincə, neft sektorundan sonra səhm bazarında aparıcı mövqeyə sahib olacaq şirkətlər maliyyə sektorunu əhatə edir.

“Digər sektorlara nəzər salsaq, yüksək texnoloji şirkətlərdə də artım hiss oluna bilər. Daxili bazarda bir neçə şirkət var ki, səhmlərinin ticarəti üçün hər cür şəraitləri var. Birmənalı olaraq qəbul etmək lazımdır ki, genişlənmək, böyük bazarlara daxil olmaq üçün İPO-ya (Initial Public Offering) çıxmaq lazımdır.

Ölkəmizdə maliyyə sektorunda olan səhmdarların sayı da artmaqdadır. Son bir neçə il ərzində bu sahədə olan şirkətlər, banklar, kredit təşkilatları yaxşı nəticə göstəriblər. Bütün dünyada bu tendensiya var, maliyyə sektorunda artım müşahidə olunur. Bu il də həm Azərbaycanda, həm də bütün dünyada maliyyə sektorundan yüksək gəlirlilik gözlənilir, çox böyük dividendlər ödəniləcək, likvidlik yüksəkdir. Əlbəttə, maliyyə sektorunda olan risklərdən yan sektorlardan daha aşağıdır. Ona görə də əksər investorlar portfelini maliyyə sektorunda olan şirkətlərin səhmləri ilə genişləndirsin”.

Son xəbərlər

Orphus sistemi