Azərbaycanın kapital bazarı: nəticələr və yaxın gələcək üçün proqnoz

Azərbaycanın kapital bazarı: nəticələr və yaxın gələcək üçün proqnoz 2020-ci ildə kapital bazarında ümumi əməliyyatların həcmində böyük azalma müşahidə edildi
Maliyyə
8 Fevral , 2021 17:57
Azərbaycanın kapital bazarı: nəticələr və yaxın gələcək üçün proqnoz

“2020-ci ildə kapital bazarında ümumi əməliyyatların həcmində böyük azalma müşahidə etdik. Bu, onunla bağlı idi ki, bazarda əsasən dövlət qiymətli kağızlar mövcud idi. Mərkəzi Bank pandemiya ilə əlaqədar genişlədirici pul kütləsi siyasətinə keçdi. Yəni notların emissiyasını azaltdı. Notların da ümumi əməliyyatlarında ciddi payı olduğuna görə avtomatik birja əməliyyatları azalmış kimi göründü”.

Bu sözləri “Report”a açıqlamasında kapital bazarındakı mövcud vəziyyəti şərh edən iqtisadçı-ekspert Cəfər İbrahimli deyib.

Ekspert alternativ olaraq korporativ qiymətli kağızların əməliyyatlarında artım olduğunu bildirib:

Maliyyə Nazirliyinin buraxdığı istiqrazların həcmi bazarda artacaq

“Müsbət tendensiya budur ki, korporativ qiymətli kağızların həcmi artır. Bizim əsas marağımız bu yöndədir. Çünki dövlət qiymətli kağızlar bazarı yox, korporativ qiymətli kağızlar bazarı nə qədər genişlənsə, bazarın inkişafı və dayanıqlılığına daha çox təsir edər.

2021-ci ildə birinci baxdığımız nöqtə yenə də dövlət qiymətli kağızlar aspektindən Maliyyə Nazirliyi və Mərkəzi Bankın siyasətidir. Mövcud durum etibarilə büdcənin kəsir hissəsi artıb və bu kəsrin böyük hissəsinin həmin qiymətli kağızların buraxılışı ilə dolacağı gözlənilir. Bu baxımdan Maliyyə Nazirliyinin buraxdığı istiqrazların həcmi bazarda artacaq. Düşünürəm ki, Mərkəzi Bank təxminən keçən ilki həcmdə stabilliyi qoruyacaq”.

C.İbrahimlinin sözlərinə görə, növbəti illərdə kapital bazarında inkişaf meylləri gözlənilə bilər:

“Korporativ şirkətlərə gəlincə, SOCAR istiqrazlarından sonra bazara kifayət qədər korporativ qiymətli kağızlar çıxdı. Bunun davam edəcəyi proqnoz edilir. Hətta SOCAR-ın özünün də 100 milyonluq yeni bir emissiyasının yaxın vaxtlarda olacağı gözlənilir. Bu çərçivədə düşünürəm ki, ümumi aspektdən baxanda iqtisadiyyatdakı yeni çağırışlar və yeni hədəflər özünü doğrultsa, növbəti illərdə şəffaflığın artması və korporativ şirkətlərin bazara gəlməsinin artacağını gözləmək olar. Belə olan halda bazarda müəyyən qədər inkişaf meylləri ola bilər.

"Növbəti illərdə bəlkə bəzi dövlət şirkətlərinin hissə paylarının özəlləşdirmə məsələsi gündəmə gəlsə, səhm bazarında da böyümə gözləmək olar"

Cəfər İbrahimli

Maliyyə bazarları üzrə mütəxəssis

Kapital bazarının əsas göstəricilərindən biri də səhm bazarıdır. Təəssüf ki, səhm bazarında çox böyük irəliləyiş əldə edə bilmirik. Çünki hələ ki, ölkədəki mülkiyyət münasibətləri və sahibkarların ortaqlıq yanaşmaları fərqlidir. Odur ki, səhm bazarında yeni səhm emissiyalarında bu il üçün ciddi dəyişiklik gözlənilmir. Amma növbəti illər üçün, bəlkə, bəzi dövlət şirkətlərinin hissə paylarının özəlləşdirmə məsələsi gündəmə gəlsə, səhm bazarında da böyümə gözləmək olar”.

"PSJ Kapital" investisiya şirkətinin aparıcı mütəxəssisi Anar Nəcəfzadə isə 2020-ci ildə kapital bazarında baş verən tendensiyaları rəqəmlər üzrə açıqlayıb:

“Bakı Fond Birjasının açıqladığı 2020-ci il üzrə hesabatlara diqqət yetirsək, ümumi ticarət həcmi 2019-cu illə müqayisədə 1 milyard manatdan çox azaldığını görərik. Lakin 2019-cu il ilə müqayisədə ümumi təkrar bazar üzrə ticarət həcmində artım müşahidə olunur. Ötən il ərzində dövriyyəyə “AzerGold”un istiqrazları, “Kapital Bank"ın nizamnamə kapitalına olunann dəyişikliklər ilə bağlı buraxdığı səhmlər və digər kütləvi üsulla təklif olunan qiymətli kağızların buraxılması korporativ qiymətli kağızlar üzrə ilkin bazarı 2020-ci ildə əvvəlki illə müqayisədə 6,6 dəfə artırıb.

2020-ci il üzrə ümumi Bakı Fond Birjasında həyata keçirilən əməliyyatların həcmi 13 milyard manata yaxın olub. Qeyd etdiyimiz kimi, 2020-ci ildə 2019-cu ilə nəzərən repo, korporativ qiymətli kağızlar və səhmlər bazarında artımlar olub. Korporativ qiymətli kağızlar bazarı üzrə 89 %-ə qədər, repo əməliyyatları üzrə isə 92 %-ə qədər artım müşahidə olunub. Səhmlərin ilkin bazarında 71 dəfə, təkrar bazarında isə 9 dəfəyə qədər böyümə qeydə alınıb".

"Repo əməliyyatlarında 92 %-lik artım da pandemiyanın 2020-ci ildə iqtisadiyyata mənfi təsirləri ilə əlaqələndirilir"

Anar Nəcəfzadə

PSJ Kapital investisiya şirkətinin aparıcı mütəxəssisi 

A.Nəcəfzadə qeyd edib ki, 2020-ci ildə həm ilkin, həm də təkrar bazarda ən çox artım üçüncü rübün sonu və dördüncü rübün əvvəllərində özünü büruzə verib:

“Dövlət qiymətli kağızlar bazarında birinci rübdən dördüncü rübə qədər artım olsa da, korporativ qiymətli kağızlar bazarında birinci rübdən ikinci rübə qədər müəyyən bir azalma və ikinci rübdən dördüncü rübə qədər artım müşahidə olunub. Korporativ qiymətli kağızlar bazarında ən çox artım 2020-ci ilin birinci rübündə baş verib.

Repo əməliyyatlarında 92 %-ə qədər qeydə alınan artım özünü daha çox digər qiymətli kağızlar bazarındakı kimi üçüncü rübün sonu, dördüncü rübün əvvəllərində göstərdi. Repo əməliyyatları kapital bazarında qiymətli kağızların girov qoyulması qarşılığında vəsait cəlb edilməsidir. Bu bazar üzrə 92 %-lik artım da pandemiyanın 2020-ci ildə iqtisadiyyata mənfi təsirləri ilə əlaqələndirilir”.

Son xəbərlər

Orphus sistemi