Azərbaycanın iqtisadiyyat naziri Dünya Bankının vitse-prezidenti ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Dünya Bankının vitse-prezidenti ilə görüşüb Görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb
Maliyyə
18 Sentyabr , 2017 17:31
Azərbaycanın iqtisadiyyat naziri Dünya Bankının vitse-prezidenti ilə görüşüb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller ilə görüşüb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan Dünya Bankının dövlət və özəl sektorun inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Onun sözlərinə görə, qurumun dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələr çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, ən qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir.

Nazir deyib ki, Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq çoxşaxəlidir, infrastruktur, kənd təsərrüfatı və sosial sahələri əhatə edir. Dünya Bankı ölkəyə 53 layihə üzrə 4,15 mlrd. ABŞ dolları vəsait ayırıb. Artıq 41 layihə üzrə işlər başa çatıb, 11 layihə üzrə tədbirlər isə davam etdirilir. Dünya Bankı Azərbaycanda özəl sektorun inkişafına da dəstək göstərir, bu sahə ilə sıx əməkdaşlıq edir. İndiyə qədər Dünya Bankı tərəfindən 72 layihə üzrə özəl sektora 500 mln. ABŞ dolları vəsait ayrılıb.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub və qurum layihəni mükafata layiq görüb. Dünya Bank rəqabətliliyin artırılmasına, Azərbaycan yaradılan sənaye parklarına və məhəllələrinə texniki dəstək göstərib. Artıq həmin sahələr üzrə müsbət nəticələr əldə olunub.

Şahin Mustafayevin sözlərinə görə, qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dəstək Azərbaycan iqtisadiyyatının prioritetləridir. Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığı bu prioritetlərə uyğun olaraq davam etdirməkdə maraqlı olduğunu bildirən nazir ölkə iqtisadiyyatı, həyata keçirilən islahatlar barədə məlumat verib, biznes mühitinin təkmilləşdirilməsi, özəl sektorun maliyyə resurslarına çıxışının genişləndirilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair təklifləri diqqətə çatdırıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan bərk məişət tullantılarının idarəedilməsi, sənaye parklarına və özəl sektora dəstəyin davam etdirilməsi sahələrində Dünya Bankı ilə əməkdaşlıqda maraqlıdır.

S.Müller isə təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığının 25 ildir ki, uğurla davam etdiyini və təmsil etdiyi qurumun bu əlaqələrdən məmnunluğunu diqqətə çatdırıb. Vitse-prezident Dünya Bankının Azərbaycan da daxil olmaqla 35 ölkə ilə əməkdaşlığına rəhbərlik etdiyini, Azərbaycanın onların arasında ən dinamik inkişaf etdiyini bildirib, 2017-ci ildə mühüm irəliləyişlərin olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Dünya Bankı bir çox sahələrdə, o cümlədən Cənub Qaz Dəhlizi layihələri çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. S.Müller ugurla icra olunan bərk məişət tullantılarının idarəedilməsinə dəstəyin davam etdiriləcəyini, Dünya Bankının Azərbaycanın iqtisadi inkişafına hər zaman dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi