Azərbaycanın dövlət büdcəsində 251 mln. manat kəsir yaranıb

Azərbaycanın dövlət büdcəsində 251 mln. manat kəsir yaranıb Kəsir dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb
Maliyyə
14 Aprel , 2015 16:20
Azərbaycanın dövlət büdcəsində 251 mln. manat kəsir yaranıb

Bakı.14 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycan dövlət büdcəsinin mədaxili 3 938,8 mln. manat, xərcləri 4 198,8 mln. manat olub, 251,0 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, cari ilin ilk rübündə dövlət büdcəsinin mədaxili proqnozu 1% üstələyib.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,6% icra edilməklə dövlət büdcəsinə 1 594,8 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 69,5%-i və yaxud 1 051,6 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 4,6 faiz bəndi çoxdur.

Dövlət Gömrük Komitəsi proqnoza 100,5% əməl edərək büdcəyə 341,9 mln. manat vəsait təmin edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% və yaxud 11,5 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 48,6 mln. manat təşkil edib.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 1 941,7 mln. manat vəsait transfert edilib.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 89,9% və yaxud 4 189,8 mln. manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin üç ayında dövlət büdcəsi xərclərinin 33,0%-i və yaxud 1 380,6 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% və yaxud 108,7 mln. manat çoxdur.

Funksional təsnifata uyğun olaraq 2015-ci ilin I rübündə ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 24,2% (96,5 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 13,0% (7,7 mln. manat), səhiyyə xərclərinə 7,0% (7,8 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 0,7% (3,6 mln. manat) çox vəsait yönəldilib.

Cari ilin üç ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 507,7 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 911,6 mln. manat vəsait yönəldilib.

Təhlil olunan dövrdə dövlət büdcəsində 251,0 mln. manat kəsir yaranıb ki, bu da mövcud qanunvericiliyə uyğun olaraq 2015-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb.

Cari ilin üç ayında icmal büdcənin gəlirləri 4 367,2 mln. manat, icmal büdcənin xərcləri isə 4 967,2 mln. manat icra olunub.

Son xəbərlər

Orphus sistemi