Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏK) Arbitraj Mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Mərkəz Altınbaş Universitetinin Hüquq fakültəsinin müəllimi İlyas Gölcüklünün rəhbərliyi ilə yaradılır. Onun sözlərinə görə, məqsəd üzv ölkələr arasındakı anlaşmazlıqları həll etmək, təşkilatın daxilindəki birliyi gücləndirməkdir.
Xatırladaq ki, QDİƏK 1992-ci ilin iyun ayında İstanbulda yaradılıb. Təşkilatın üzvləri Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Yunanıstandır.