Bu ilin I yarısında Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) ümumi qalığı 598,2 milyon ABŞ dolları təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 80,5% azdır.
O cümlədən neft-qaz sektoru üzrə CƏB qalığı 1,9 dəfə azalaraq 3,3 milyard ABŞ dolları, qeyri-neft-qaz sektoru üzrə CƏB kəsiri isə 12,1% artaraq 2,7 milyard ABŞ dolları təşkil edib. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtüb. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşıb.
Xidmətlər balansı
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi dəyəri 3,9 milyard ABŞ dolları təşkil edib. Bunun 2,6 milyard ABŞ dolları qeyri-rezidentlərin Azərbaycanın rezidentlərinə, 1,3 milyard ABŞ dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir 6,8% artaraq 1,3 milyard ABŞ dollarına çatıb.
Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1,2 milyard dollar (37% artım) olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 106 milyon dollar (3,3 dəfə azalma) olub. Qarşılıqlı xidmətlər dövriyyəsinin 33,4%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1,3 milyard dollar nəqliyyat xidmətlərinin 52,1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 689 milyon dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 632,4 milyon dollar təşkil edib.
Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 35%, idxalı isə 1,3% artıb. Nəticədə bu maddə üzrə 2019-cu ilin 6 ayında 113,7 milyon dollar olan kəsir 2020-ci ilin 6 ayında 56,5 milyon dollar qalıqla əvəzlənib.
2020-ci ilin 6 ayı üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2,7 dəfə azalaraq 559,8 milyon dollar təşkil edib. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın (287,9 milyon dollar) ixracı (271,9 milyon dollar) üstələməsi nəticəsində 16 milyon dollar kəsir yaranıb. Hesabat dövrü ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 61,7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 58,2% azalıb.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 287,9 milyon dollar məbləğində olub. Bunun 85,2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 3,1 dəfə azalaraq 7 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 1,6 dəfə azalaraq 292,8 milyon dollar olub.
İlkin gəlirlər balansı
Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 887,7 milyon dollar kəsir, qeyri-neft sektoru üzrə isə 381,9 milyon dollar qalıq olub. Nəticədə ilkin gəlirlər balansında kəsir 40,5% azalaraq 505,8 milyon dollar təşkil edib. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1,9 milyard dollar olub. Bunun 63,2%-i (1,2 milyard dollar) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (631,3 milyon dollar) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyrirezidentlərə ödənilən faizlər (169,6 milyon dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (225,4 milyon dollar) və digər ödənişlər (201,3 milyon dollar) təşkil edir.
Təkrar gəlirlər balansı
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 675,1 milyon dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 410,3 milyon dollar, ödənişlər isə 264,8 milyon dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 90,7%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 7,7%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 1,6%-i isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının məbləği 16% azalaraq 372,4 milyon dollar, ölkədən çıxarılan pul baratlarının məbləği isə 15% artaraq 221,3 milyon dollar olub. Nəticədə pul baratları üzrə 151,1 milyon dollar müsbət saldo yaranıb. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 145,5 milyon dollar (45,6% azalma) təşkil edib.