Azərbaycandan xaricə çıxarılan pul baratları 1,5 dəfə azalıb

Azərbaycandan xaricə çıxarılan pul baratları 1,5 dəfə azalıb Bununla yanaşı, xaricdən ölkəyə göndərilən pul köçürmələri 2 dəfəyə yaxın artıb
Maliyyə
18 Dekabr , 2017 10:01
Azərbaycandan xaricə çıxarılan pul baratları 1,5 dəfə azalıb
Report

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1 326 mln. dollarlıq kəsir, qeyri-neft sektoru üzrə isə 65 mln. dollarlıq profisit yaranıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nəticədə, ilkin gəlirlər balansının kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə azalaraq 1 261 mln. dollar təşkil edib.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3 mlrd. dollar olub. Bunun 71,3%-ni (2,1 mlrd. dolları) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (1,2 mlrd. dollarını) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (277,8 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (331,9 mln. dollar) təşkil edir.

Hesabat dövründə təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri isə 1,1 mlrd. dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 801 mln. dollar, ödənişlər isə 296 mln. dollar təşkil edib. Nəticədə, təkrar gəlirlər balansının müsbət saldosu 505 mln. dollar olub.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 90,6%-ni və yaxud 725,5 mln. dollarını xarici ölkələrdən fiziki şəxslərin pul baratları təşkil edib ki, bu da illik müqayisədə 1,7% çoxdur. Son 1 ildə ölkədən çıxarılan pul baratlarının məbləği isə 1,5 dəfə azalaraq 248,3 mln. dollar olub. Bu, valyuta rejiminin sərtləşdirilməsi hesabına baş verib. Nəticədə, pul baratları üzrə 477,2 mln. dollar müsbət saldo yaranıb.

Təkrar gəlirlər üzrə ümumi daxilolmalarda ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri 5,1%, digər daxilolmalar isə 4,3% paya malik olub.

Son xəbərlər

Orphus sistemi