Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İslam İnkişaf Bankının Qrup Biznes Forumu (THIQAH) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı çərçivəsində konfrans keçirilib.
“Report” xəbər verir ki, konfrans vebinar formatında olmaqla “Sukukun Azərbaycanda infrastruktur və dövlət-özəl tərəfdaşlığı layihələrinin maliyyələşməsində potensial rolu” mövzusuna həsr olunub.
Konfransda İslam maliyyə sənayesinin inkişaf etməsi üçün kifayət qədər potensial olduğu qeyd olunub. Buna səbəb kimi islam maliyyələşmə alətlərinin geniş investor qruplarının maraqlarına fayda göstərmə potensialını misal göstərmək olar. Belə ki, İslam maliyyə sənayesi hazırda 2.88 trilyon ABŞ dolları qlobal maliyyə aktivlərinə sahibdir. Hesablamalara görə isə bu göstəricinin 2024-cü ilə qədər 3.69 trilyon ABŞ dolları olması gözlənilir. Əlavə olaraq, Sukuk investorun likvidliyə ehtiyacı yarandığı, yaxud potensial kapital qazancını əldə etmək istədiyi hallarında təkrar bazarda ticarət edilə bilən alətdir. Həmçinin, Sukuk böyük infrastruktur və enerji layihələrində ənənəvi maliyyələşmə mexanizmlərinə tamamlayıcı olaraq, hətta bəzi hallarda alternativ maliyyələşmə mexanizmi kimi inkişaf etməkdədir.
Konfrans Sukuk məhsulları üzrə maraqlı tərəfləri məlumatlandırmaqla yanaşı müzakirələr aparmaq üçün uğurlu platforma rolunu oynadı. Konfransda Sukukun Azərbaycanda gələcək potensialı və tətbiq sahələri mövzusunda da çıxışlar edildi.
ICD-nin Baş icraçı direktoru, Hörmətli Ayman Amin Sejini çıxışı zamanı qeyd etdi ki, “ICD üzv ölkələrin inkişafını dəstəkləməyə davam edəcəkdir və bunun üçün yeni mexanizmləri araşdırmağa davam edir. Bu vebinar Azərbaycanda şirkətlərin diversifikasiya edilmiş maliyyə mənbələrinə çıxışın əldə edilməsi üçün təşkil edilən yüksək səviyyəli planın bir hissəsidir.”
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı çıxışı zamanı vurğulayıb ki, “İslam maliyyə institutları real sektorda maliyyə xidmətlərinə əlçatanlığı artırmaq üçün əlverişli platformalardan hesab edilir. Azərbaycanda həyata keçirilən layihələr və müvafiq trendlər onu göstərir ki, Sukuk Azərbaycanda infrastrukturun inkişaf etdirilməsi yönündə aparıcı mexanizmə çevrilə bilər. Buna görə də, Azərbaycan alternativ maliyyələşmə mexanizmi olan Sukukun tətbiqi üçün əlverişli iqtisadiyyatdır”.
Vebinar zamanı qlobal Sukuk bazarındakı vəziyyət, son trendlər, Azərbaycanda Sukukun tətbiqi imkanları kimi mövzulara toxunulub. Həmçinin, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində çağırışlar və imkanlar mövzusunda panel müzakirələri baş tutub.
Sukuk Azərbaycana infrastruktur üzrə üzləşə biləcəyi maliyyə çətinliklərinin öhdəsindən daha asan gəlməyə müsbət təsir göstərə bilər. İnfrastrukturun inkişaf etdirilməsi milli və davamlı inkişaf məqsədlərinə nail olmaqda vacib elementlərdən biridir. Qlobal səviyyədə də hökumətlər layihələri maliyyələşdirmək, infrastruktur və enerji, bərpa olunan enerji, nəqliyyat, logistika, səhiyyə, təhsil və digər iqtisadi fəaliyyət sahələri üçün resursları səfərbər etmək üçün suveren Sukukdan istifadə edir.