Azərbaycanda son 12 ildə regionlar üzrə vergi daxilolmaları 17 dəfə artıb

Azərbaycanda son 12 ildə regionlar üzrə vergi daxilolmaları 17 dəfə artıb Bu barədə Vergilər Nazirliyi Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin rəisi Elçin Bəylərov məlumat verib
Maliyyə
15 Sentyabr , 2016 17:22
Azərbaycanda son 12 ildə regionlar üzrə vergi daxilolmaları 17 dəfə artıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramlarından sonra son 12 ildə bölgələr üzrə vergi daxilolmaları 16,5 dəfə artıb. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyi Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin rəisi Elçin Bəylərov məlumat verib.

Onun sözlərinə görə, əgər 2003-cü ildə regionlardan vergi daxilolmaları cəmi 37,7 mln. manat təşkil edibsə, 2015-ci ildə bu rəqəm 622,1 mln. manata çatıb: "Regionlarımızın iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı, torpaq vergisi istisna olmaqla, uzun illərdir bütün vergilərdən azad edildiyini nəzərə alsaq, bu, çox ciddi artımdır".

E.Bəylərov həmçinin qeyd edib ki, 2003-cü ilin göstəricisi ilə müqayisədə regionlar üzrə vergi daxilolmalarının qeyri-neft sektoru üzrə daxilolmalardakı xüsusi çəkisi 3,9 bənd artaraq 12,4%% təşkil edir ki, bu da regionlarda sahibkarlığın inkişafının daha bir bariz göstəricisidir: "Xüsusi vurğulamaq istərdim ki, dövlət proqramlarının uğurlu icrasının nəticəsi olaraq, bu gün artıq 6 şəhər və rayon öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan vergilərin hesabına formalaşdırır və qarşıya qoyulmuş əsas hədəflərdən biri gələcəkdə bunların sayının artırılmasıdır. İndi respublika üzrə qeydiyyatda olan vergi ödəyicilərinin 61,6%-i regionların payına düşür".

Onun sözlərinə görə, regionların inkişaf tendensiyası cari ilin 8 ayında da davam edib və bu, vergi daxilolmalarında da özünü göstərir: "Yanvar-avqust aylarında ərazi vergi orqanları üzrə 364,5 mln. manat proqnoza qarşı dövlət büdcəsinə 381,1 mln. manat vəsait daxil olub ki, bu da proqnoz tapşırığının 16,6 mln. manat artıq və ya 104,6% icra olunması deməkdir. Proqnoz tapşırıqları yalnız ümumilikdə regionlar üzrə deyil, həm də ayrı-ayrılıqda bütün şəhər və rayonları üzrə yerinə yetirilib".

Daxilolmaların strukturuna gəlincə, İdarə rəisi bildirib ki, vergilərin 61,2%-i ƏDV, mənfəət və gəlir vergisi hesabına formalaşıb. Sadələşdirilmiş vergi daxilolmaları üzrə proqnoz 6,2 mln. manat artıq və ya 117,2% icra olunmaqla yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13%-ə qədər artıb. Regionlarda fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyiciləri tərəfindən ilin ilk səkkiz ayında 86,7 mln. manat məbləğində vergilərin yerli büdcələrə ödənilməsi təmin edilib. 2016-cı ilin yanvar-avqust ayları ərzində regionlarda ƏDV qeydiyyatına alınmış vergi ödəyicilərinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2% artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi