Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,2 milyard manatlıq, o cümlədən 1,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 %, o cümlədən qeyri-ərzaq malları üzrə 4,8 % azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 1,8 % artıb.
Hesabat ayında əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla |
2020-ci ilin yanvar ayına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 3 154,8 | 98,6 |
o cümlədən: | ||
ərzaq məhsulları | 1 468,3 | 101,9 |
içkilər və tütün məmulatları | 196,7 | 100,4 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 495,2 | 89,9 |
elektrik malları və mebellər | 159,6 | 85,7 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 21,9 | 102,6 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 68,7 | 140,1 |
avtomobil benzini və dizel yanacağı | 172,1 | 87,9 |
digər qeyri-ərzaq malları | 572,3 | 101,4 |
Ötən ay alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 52,8 %-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 5,1 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 26,9 %-i ticarət müəssisələri, 49,8 %-i fərdi sahibkarlar tərəfindən, 23,3 %-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12,2 % artıb, fərdi sahibkarlar üzrə 0,1 %, bazar və yarmarkalarda 15,7 % azalıb.
Yanvarda ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 316,3 manatlıq, o cümlədən 166,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,4 manatlıq qeyri-ərzaq malları alıb.