Azərbaycanda ötən ay icbari avtosığorta üzrə 133 mindən çox müqavilə bağlanılıb

Azərbaycanda ötən ay icbari avtosığorta üzrə 133 mindən çox müqavilə bağlanılıb Sığorta müqavilələrinin sayında və sığorta haqlarının məbləğində müvafiq olaraq 58% və 63% artım müşahidə edilib
Maliyyə
6 İyul , 2017 10:14
Azərbaycanda ötən ay icbari avtosığorta üzrə 133 mindən çox müqavilə bağlanılıb

Bakı. 6 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 133 148 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

“Report” İSB-yə istinadən xəbər verir ki, bunlardan 14 797-si xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub.

Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 10 922 647 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında və sığorta haqlarının məbləğində müvafiq olaraq 58% və 63% artım müşahidə edilib.

Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb. 1 noyabr tarixinədək kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixə qədər qüvvədədir.

Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi