Azərbaycanda məcburi dövlət sosial sığorta haqları daxilolmaları 8% artıb

Azərbaycanda məcburi dövlət sosial sığorta haqları daxilolmaları 8% artıb Azərbaycanda sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində
Maliyyə
12 Noyabr , 2021 17:44
Azərbaycanda məcburi dövlət sosial sığorta haqları daxilolmaları 8% artıb

Azərbaycanda sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu il noyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 766 593 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 226 671 say çoxdur. Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və bu, gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

Bu ilin yanvar-oktyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 115,9 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 % artıb, daxilolmalar üzrə proqnoz 292,1 milyon manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % artaraq 1 milyard 986,9 milyon manat təşkil edib, proqnoz 113,2 % icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % artaraq 107,3 milyon manat olub, proqnoz 108,4 % icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 % artaraq 79,5 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 110,5 % icra edilib.

Son xəbərlər

Orphus sistemi