​Azərbaycanda kreditlər bahalaşacaq

​Azərbaycanda kreditlər bahalaşacaq "Report": Vəsait qıtlığı səbəbindən kredit faizləri hələ bir müddət yuxarı səviyyədə qalacaq
Maliyyə
30 İyun , 2015 17:28
​Azərbaycanda kreditlər bahalaşacaq

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) ölkədəki istehlak kreditləri üzrə komissiya haqqının 1% səviyyəsində limitləşdirilməsi qərarı istehlak kreditləşməsinin bahalaşmasına səbəb olacaq.

"Report"un analitik qrupu qeyd edir ki, bu günə qədər kommersiya banklarında istehlak kreditləri əsasən 10 min manata qədər məbləğdə və orta hesabla 5% komissiya haqqı ilə verilib. Dünəndən isə banklar orta hesabla 10 min manatlıq bir kreditin rəsmiləşdirilməsinə görə təxminən 400 manat potensial gəlirdən məhrum olub.

"Təbii ki, banklar hazırda iqtisadi artımın yavaşlaması fonunda insanların kreditlərə marağının azalması səbəbindən ciddi rəqabətdədir. Buna görə də istehlak kreditlərinin faizlərini mümkün qədər aşağı səviyyədə saxlamağa məcburdur. Amma unutmayaq ki, bankların müəyyən xərcləri mövcuddur. Hazırda bu məsrəflərə problemli kreditlərə çəkilən xərclər də əlavə edildiyinə görə, bankların faizlərinin yüksək olmasının səbəbi aydınlaşır", - deyə analitiklər bildirib.

Araşdırmaya əsasən məlum olur ki, hazırda Azərbaycanda manat depozitlərinin illik gəlirliyi təxminən 12-14% olduğu halda, istehlak kreditləşməsi təxminən illik 26-36%-lə aparılır (FİFD daha yüksəkdir). Komissiya haqlarının limitləşdirilməsi nəticəsində banklar eyni gəliri əldə etmək istəyirlərsə, bunun üçün hər 10 min manat həcmində 36 aylıq kredit üzrə illik faiz dərəcəsini 2,5-3,5 faiz bəndi artıracaq.

"Faizlərin aşağı salınması üçün isə bankların daha ucuz maliyyə resurslarına çıxışı təmin olunmalıdır. Birincisi, AMB banklara ucuz vəsait verə bilər. Amma hazırda bu riskli addım kimi görünür. Çünki dünya bazarında hələ də risk var, sabitlik təmin olunmayıb. Bu risk əsasən ucuz neft, ABŞ-da uçot dərəcəsinin artırılması və qlobal maliyyə bazarında likvidliyin azalmasından ibarətdir. Buna görə də AMB-dən çox böyük dəstək gözləməyə dəyməz", - deyə "Report"un analitikləri bildirib.

Ekspertlər qeyd edirlər ki, daxili bazarın yenidən ötən illərdəki vəziyyətə qayıtması üçün ən az 5-6 mlrd. manat həcmində əlavə vəsaitin bazara daxil olmasına ehtiyac var. Çünki dövriyyədə olan nağd pul kütləsi məhz bu miqdarda azalıb. AMB-nin resursları isə bu vəsaitin bazara axıdılmasına imkan vermir.

"İkincisi, xaricdən vəsaitin cəlb olunması yoludur. Burada da vəziyyət yaxsı deyil. Məlumdur ki, dünən "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sistemi üzrə proqnozu "stabil"dən "neqativ"ə endirib. Bu da gələcəkdə ümumiyyətlə reytinqin aşağı salınması ilə nəticələnə bilər. Yəni, xaricdən vəsait cəlb etmək prosesi də çətinləşir. Buna görə də bank sektorunda resurs qıtlığı yaşanır və kredit faizləri hələ bir müddət yuxarı səviyyədə qalacaq", - deyə "Report"un təhlilçiləri əlavə edib.

Son xəbərlər

Orphus sistemi