Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin avqust ayında korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi mexanizmini təsdiq edib.
"Report" xəbər verir ki, bunu AMB-nin Kapital bazarının fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov bildirib.
"Kreditlərə verilən zəmanət korporativ istiqrazlara da tətbiq ediləcək. Bu məqsədlə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) qaydalar hazırlamaqdadır və gələn ilin yanvar ayının sonuna qədər AMB-nin rəyi əsasında təsdiq olunacaq. Bildiyiniz kimi, hazırda Azərbaycanda kreditlərə zəmanət mexanizmini İKZF həyata keçirir. Korporativ istiqrazlara zəmanəti də həmin fond verəcək. Ölkə prezidentinin müvafiq fərmanı ilə bunun hüquqi əsası yaradılıb", - deyə o, qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış 9 434,4 milyon manatlıq əməliyyatın 1 043,6 milyon manatlıq hissəsi və yaxud 11,1 %-i korporativ qiymətli kağızların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 3,5 % azdır. 9 ay ərzində bu bazarda bağlanmış 6 596 əqdin isə 3 325-i və yaxud 50,4 %-i korporativ qiymətli kağızların payına düşüb. Bu isə illik müqayisədə 15,8 % azdır.