Azərbaycanda istehlak kreditlərinin ümumi kreditləşmədə payı azalır

Azərbaycanda istehlak kreditlərinin ümumi kreditləşmədə payı azalır Ev təsərrüfatlarının ümumi kreditləşmədə payı 37%-ə düşüb
Maliyyə
5 Oktyabr , 2016 14:25
Azərbaycanda istehlak kreditlərinin ümumi kreditləşmədə payı azalır

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının ümumi kredit portfelinin həcmi 2016-cı il sentyabrın 1-nə 16,84 mlrd. manat təşkil edib. 

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,8% çoxdur.

Bununla belə, kreditləşmənin məbləği ilin əvvəlinə nisbətən 22,5%, son bir ildə isə 16,2% azalıb.

İyulun sonuna bütün kreditlərin 6,273 mlrd. manatı ev təsərrüfatlarına verilib. Bu, iyulun sonu ilə müqayisədə 0,6% çoxdur. Əvəzində istehlak kreditləşməsinin ümumu kredit portfelində payı 37,3%-dən 37,2%-ə düşüb. Xatırladaq ki, bu nisbət ötən ilin sonunda 38,6%, bir il bundan əvvəl isə 38,2% olub.

Kreditlərin 2,504 mlrd. manatı isə ticarət və xidmət sektoruna ayrılıb. Bu, aylıq nisbətdə 2,4% azdır. Sektorun ümumi kreditləşmədə payı isə 15,3%-dən 14,9%-ə qədər azalıb.

İnşaat və əmlak sektoruna isə 2,021 mlrd. manat kredit yönəldilib. Bu, aylıq müqayisədə cəmi 0,1% çoxdur. Əvəzində sektorun ümumi kredit portfelində payı 12,1%-dən 12%-ə düşüb.

Kredit təşkilatları ipoteka kreditləşməsi də daxil olmaqla daşınmaz əmlakın tikintisi və alınmasına isə 1,592 mlrd. manat borc verib. Bu, bir ay ərzində 6,7% artım deməkdir. Sektorun ümumi kreditləşmədə payı da artıb - 8,9%-dən 9,5%-ə.

Avqustda sənaye və istehsal sektorunun maliyyələşdirilməsi isə 1,1% artırılaraq 1,321 mlrd. manata çatdırılıb. Sektorun ümumi kredit portfelində payı isə 7,8% olaraq qalıb.

Nəqliyyat və rabitə sektoru isə maliyyə sektorundan 1,176 mlrd. manat vəsait cəlb edib. Bu, aylıq müqayisədə 1,6% çoxdur. Sektorun ümumi kreditləşmədə payı isə 6,9%-dən 7%-ə yüksəlib.

Kənd təsərrüfatı və emal sektoru isə kredit təşkilatlarından cəmi 401 mln. manat borc ala bilib. Bu sahəyə verilmiş kreditlərin məbləği və ümumi kredit portfelində payı (2,4%) dəyişməyib.

Energetika, kimya və təbii ehtiyatlar sektoruna isə bir ay əvvəl olduğu kimi bütün kreditlərin 2,2%-i və yaxud 370 mln. manatı ayrılıb. Bu isə aylıq müqayisədə 0,5% azdır.

Son xəbərlər

Orphus sistemi