“Azərbaycanda islam sənayesinin, ümumiyyətlə islam ekosisteminin yaradılması mümkündür. Burada söhbət maliyyələşmə mənbələrinin islam maliyyə alətlərindən ibarət olmasından gedə bilər".
Bunu “Report”a açıqlamasında islam bankçılığı üzrə ekspert Ruslan Atakişiyev Azərbaycanda halal sənayenin islam maliyyələşməsi ekosisteminin formalaşması imkanlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda islam maliyyələşəsi ekosisteminin tətbiqi bir sıra yeni maliyyə alətlərinin tətbiqinə də şərait yaradacaq: "Burada islam istiqrazları, islam lizinqi və islam mikromaliyyələşmə alətləri tətbiq edilə bilər. Bundan əlavə istehsal sahələrində halal texnologiyalardan istifadə edilməklə halal məhsulların istehsalı ölkələrindən bura gələnlərin sayını və investisiyaların məbləğini artırmaq olaraq.
Bir sözlə islam maliyyələşməsi ekosisteminin tətbiqində heç də qeyri adi bir cəhət yoxdur. Yəni bunun üçün dünyanın 102 ölkəsindən istifadə olunan islam maliyyə alətlərini tətbiq etmək yetər. Burada da maliyyə alətlərinin əksəriyyəti faizsiz kreditlərdir. Heç kim faiz götürmür, sadəcə görülən işə görə divident alınır. Bu da sahibkarlar üçün mühüm əhəmiyyət kəsb edir”.
Ekspert bildirir ki, Azərbaycanda islam maliyyələşməsini tətbiq etmək üçün mövcud qanunvericilikdə müəyyən düzəlişlər edilməlidir: “Hazırki qanunvericilik buna şərait yaratmır. Amma İslam İnkişaf Bankı (IsDB) İqtisadiyyat Nazirliyinə 200 min ABŞ dolları pul ayırmışdı ki, 2017-ci ilin yanvar ayından başlayaraq 2020-ci ilin mart ayının 20-nə qədər dəyişikliklər hazırlansın. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi isə yerli və xarici konsaltinq şirkətləri ilə birgə zəruri olan dəyişiklikləri işləyib, hazırlayıb. Həmin təkliflər Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edilib. Əgər Azərbaycanda həmin mühitin yaradılması ilə bağlı islahatlar həyata keçirilsə, islam maliyyələşməsinin tətbiqinin şahidi ola biləcəyik”.
R.Atakişiyev islam maliyyələşməsinin ənənəvi bankçılığı sıxışdıracağı ilə bağlı yayılan fikirlərin də əsassız olduğunu hesab edir: "Bu, ənənəvi bankçılığa heç bir təsir göstərmir. Çünki islam maliyyələşməsi zamanı əldə edilən gəlir heç də ənənəvi bank faizlərindən az deyil. Məsələn, Bavariyada islam bankçılığı ümumi sektorun 16%-ni təşkil edir. Türkiyədə isə bu rəqəm 7%-dir. Hətta İngiltərədə 5 islam bankı mövcuddur. Yəni islam bankçılığının Azərbaycanda tətbiqi o demək deyil ki, hamı bu sistemə keçəcək. Sadəcə alətlər artacaq. Bank sektorunda çox alət var və heç vaxt birinə görə başqasından imtina edilməyib. Azərbaycanda islam bankçılığı tətbiq edilsə, maksimum bazarın 4-5%-nə nəzarət edilsə böyük nailiyyətdir.
Azərbaycanda tənzimləyici orqan AMB olduğu üçün o müəyyən edəcək ki, islam bankçılığı necə tətbiq edilsin. Ola bilər ki, hansısa mövcud bankın nəzdində “İslam pəncərəsi” olsun. Bu zaman həmin pəncərə də bank daxilində bank rolunu oynayacaq. Bu pəncərə vasitəsi ilə yığılan və yaxud verilən pul sistemdəki digər pullara qarışmayacaq. Azərbaycanda mühit yaradıldıqdan sonra bazar hər kəsə açıq olacaq və ondan sonra qərar veriləcək ki, ya mövcud banklar bu sistemə qoşulsun, ya yeniləri yaradılsın, ya da xaricdən yeniləri ölkə bazarına daxil olsun”.
Bundan başqa, ekspertin sözlərinə görə, Azərbaycanda “İslam turizmi” üçün də böyük imkanlar var: “Pandemiyadan öncə də gördük ki, bizə turistlər əsasən ərəb ölkələrindən və İrandan gəlir. Bunu nəzərə alaraq deyə bilərəm ki, ölkəmizdə belə bir turizm növünün olması onları daha da cəlb edəcək. Əslində ərəblərin getdiyi turizm məkanlarının sahibləri bir çox hallarda məcbur olurlar ki, buranı İslamın tələblərinə uyğun tənzimləsinlər. Fikir vermisinizsə onların getdiyi məkanlarda islam tələblərinə zidd qaydalar olmur. Bir sözlə, demək olar ki, Azərbaycanda bu sistem qurulub. Sadəcə burada “İslam” sözünü istifadə etməklə şirkətlər göstərdikləri xidmətləri brendləşdirəcəklər.
Bu gün Azərbaycanda ziyarətgahlara getməklə bağlı problem yoxdur. Əgər hotellər də tamamilə bu sistemə uyğunlaşsa bu ərəb ölkələrindən gələnlərin sayını artırar. Belə ki, “İslam turizmi”nin öz tələbləri var və o tələblərə riayət edən hotellər dərəcə alırlar və həmin qaydalara uyğun xidmət göstərirlər. Bəzi hotellərimizdə artıq “İslam turizmi” ilə bağlı müəyyən addımları görmək olur. Məsələn, namaz otaqlarının, orada namaz xalçalarının olması, həmçinin bütün nömrələrdə qiblənin istiqamətinin göstərilməsi və başqa bu kimi xidmətlər də turistlərin marağına səbəb olur”.
Xatırladaq ki, İslam İnkişaf Bankının ölkə üzrə əməliyyat meneceri Fərid Xanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Qonaqlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində görüş keçirib, Azərbaycanda halal sənayenin təkmilləşdirilməsi üçün yol xəritəsinin hazırlanmasını müzakirə edib.