“Visa”: Azərbaycanda iri alış-verişlər zamanı da təmassız ödəniş tətbiq olunacaq - MÜSAHİBƏ

“Visa”: Azərbaycanda iri alış-verişlər zamanı da təmassız ödəniş tətbiq olunacaq - MÜSAHİBƏ “Visa” beynəlxalq ödəniş sisteminin baş vitse-prezidenti və Cənub-Şərqi Avropa və MDB ölkələri üzrə baş meneceri Vera Platonovanın “Report”a müsahibəsi
Maliyyə
24 Aprel , 2020 19:13
“Visa”: Azərbaycanda iri alış-verişlər zamanı da təmassız ödəniş tətbiq olunacaq - MÜSAHİBƏ

“Visa” beynəlxalq ödəniş sisteminin baş vitse-prezidenti və Cənub-Şərqi Avropa və MDB ölkələri üzrə baş meneceri Vera Platonovanın “Report”a müsahibəsi 

- COVID-19 virusunun yayılması ilə bağlı bir çox ölkələr kimi Azərbaycan da karantin rejimi tətbiq etdi. Bəs “Visa” pandemiya şəraitində hansı dəstək proqramlarını işə salacaq?

- Bəli, qısa müddət ərzində bu koronavirusa görə dünyada milyonlarla insanın həyatı xeyli dəyişib. Biz “Visa” olaraq əvvəla ofislərimizdəki bütün əməkdaşların təhlükəsizliyi üçün bir sıra tədbirlər görmüşük. Bununla yanaşı, istər dünya miqyasında, istərsə də ayrı-ayrı ölkələrdə ödəniş sisteminin sabit çalışmasına məsuliyyət bizim üzərimizdədir. Odur ki, vəziyyət çətin də olsa, milyardlarla Visa kartı sahibinin həmişəkitək elektron ödənişlərini sürətlə, rahat, təhlükəsiz həyata keçirə bilmələri üçün gündəlik çalışırıq. 

Həmçinin inklüziv iqtisadi inkişafa və kiçik sahibkar qadınları dəstəkləmək, habelə koronavirusa qarşı ayrı-ayrı dövlətlərə yardım məqsədilə “Visa Foundation” bu ay ümumi həcmi 210 milyon ABŞ dolları olan, kiçik və mikro sahibkarlığa yardımları nəzərdə tutan iki proqramını işə salıb. Bu istiqamətdə Cənub-Şərqi Avropa və MDB ölkələrində də mart – aprel aylarında ən həssas əhali qruplarını dəstəkləmək üçün bəzi təşəbbüsləri ortaya qoymuşuq. Bununla yanaşı, Gürcüstanda “TBC” və “Bank of Georgia” ilə birlikdə kiçik sahibkarlara işlərini online rejimdə aparmaları üçün kömək edirik.

- Bəs Azərbaycanda bu cür təşəbbüslər nəzərdə tutulurmu?

- Azərbaycanda E-PUL elektron ödənişlər platforması ilə #EvdəQalNağdsızÖdə kampaniyasına başlamışıq. Həmin kampaniya çərçivəsində Visa kartı ilə E-PUL platformasından icra edilən hər əməliyyatdan 0,25 manat ölkə Prezidentinin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizə Fonduna köçürülür. Sahibkarlığa gəlincə Azərbaycan da daxil olmaqla adıçəkilən regionun bütün ölkələrində PİN kodu daxil edilmədən həyata keçirilən təmassız tranzaksiyalar üçün mövcud limitləri artırdığımızı açıqlamışıq. Yəni təmassız ödənişlərə tələbatın artdığı bir vaxtda insanlar üçün rahatlıq yaratmağa çalışırıq. Bu addım gündəlik tranzaksiyalara rahatlıq gətirməklə iri alış-verişlər zamanı təmassız ödənişlərin yayılması üçün zəmin yaradır.

Azərbaycanda təmassız kartların ödəmə limiti 50 manatdan 80 manatadək artırılıb. Ölkədəki bankların limiti artıra bilmələri üçün Mərkəzi Bank qarşısında müvafiq sənədlərdə dəyişiklik etməsi üçün məsələ qaldırmışıq. Sonrakı mərhələdə isə satış məntəqələrində lazımi texniki tədbirlər görmək üçün pərakəndə ticarət və bank sektorlarının nümayəndələrilə yaxından əməkdaşlıq etmək fikrimiz var.

- Bu ilin əvvəlində Azərbaycanda ilk dəfə olaraq keçirdiyiniz “Visa Cashless Forum”da həm də ödənişlərin gələcəyilə bağlı müzakirələr aparıldı. Hərçənd Azərbaycanda əşyalar internetinin (İoT) tətbiqindəki yubanmalarla bağlı narahatlıq var. Bu məsələni sürətləndirmək, maraqlı tərəfləri cəlb etmək üçün hansı addımların atılması vacibdir?

- Bizim üçün İoT daha çox ödənişlərin interqrasiyası vasitəsidir. Belə ki, internetə qoşulmuş cihazların 2025-ci ilədək 26 milyarddan 75 milyardadək artacağı ehtimal olunur. Bu sıraya smartfonlar, smart saatlarla yanaşı yaxın gələcəkdə avtomobillər, soyuducular, səsli yardım cihazları vs. də qoşulacaq. Bəzi ekspertlərə görə hər ev təsərrüfatında internetə qoşulan qurğuların sayı 30-a çatacaq. 

Azərbaycanın da bu dalğadan kənarda qalmayacağına əminəm. Cəmi 5 il əvvəl təmassız ödənişlər bizə texnologiyanın böyük bir nailiyyəti kimi gəlirdisə, indi onunla gündəlik rastlaşırıq. Özü də kartlarla yanaşı “Visa Token Service” sayəsində mobil telefon vasitəsilə həmçinin biometrik tanınma vasitəsilə də təmassız ödənişlər edə bilirik. Yeri gəlmişkən, mövcud rəylərə görə beş ildən sonra kart və telefon vasitəsilə ödənişlər aradan qalxacaq, yəni ödənişlər bütövlükdə səyyar qurğular və biometrik vasitələrlə həyata keçiriləcək. Mənə elə gəlir ki, rəqəmsallaşmanın mövcud sürəti bizim ehtimallarımızı üstələyəcək. 

Nağdsız ödənişlər nöqtəyi-nəzərindən, Azərbaycanda təmassız ödənişlər sahəsi sabit artım göstərir. Hazırda ölkədə hər dörd tranzaksiyadan biri ticarətdə baş verir, tokenləşmə ilə bağlı müxtəlif layihələr həyata keçirən banklar da sürətlə təmassız ödənişləri tətbiq edirlər. Bu gün Azərbaycandakı tranzaksiyaların 27 faizi təmassız alətlər vasitəsilə aparılır, emitentlərin 90 faizi da təmassız kart buraxmaq üçün müvafiq sertifikatlara malikdir. İndi biz Apple Pay, Google Pay, Samsung Pay kimi servislərin tətbiqi üçün hazırlıq mərhələsini yaşayırıq. Yəni sadaladıqlarımın tətbiqi üçün banklar hərtərəfli hazırlıq görməlidirlər. Gürcüstan, Ukrayna, Belarus kimi bu yolu artıq qət etmiş ölkələrlə yanaşı hələ yenicə qədəm qoyanlar var. Cari ildə tokenləşdirmə sahəsinin sıçrayışını gözləyirəm.

- Azərbaycandakı bankların elektron portmanatlar formalaşdırması nə yerdədir? Nağdsız ödənişlərin artdığı bir vaxtda bunun tezləşdirilməsi üçün müraciətlər olurmu?

-2019-cu ildə “Visa Token Service”i işə salmaqla mobil telefonla təmassız ödənişləri inkişaf etdirmək üçün banklara texniki imkanlar təqdim etdik. Bu gün Azərbaycan Beynəlxalq Bankı, KapitalBank və Bank Respublika öz mobil portmanatlara malikdir, daha altı bank da bunun tətbiqi mərhələsindədir. 

“Visa Token Service” elektron ticarət və mobil ödənişlər sahəsində innovasiyaların təhlükəsiz inkişafını təmin edən qabaqcıl texnologiyadır. Bu sistemdə ödəniş kartındakı məxfi məlumatlar əvəzinə token deyilən məxsusi rəqəmli kod istifadə olunur. Tokendə kartın 16 rəqəmli nömrəsini və ödəniş hesabının başqa təfərrüatı olmadığı üçün onu online satıcılarda, yaxud mobil telefonda arxayın saxlamaq olar. Yeni xidmətdən istifadə etmək üçün Visa kartının sahibində NFC (Near Field Communication, yəni sahəyə yaxın rabitə) funksiyasını dəstəkləyən smartfonu olmalıdır.

- Bu gün bank-maliyyə sektoruna qarşı hansı kiber hücum vasitələri var? Kart sahiblərinin hesablarının təhlükəsizliyi üçün hansı tədbirlər görülür?

- Hazırda tokenləşdirilən bank əməliyyatlarına dair statistikaya nəzər salsaq, belə kartlardan məlumatları köçürtmək, ələlxüsus da tokenli cihazlar vasitəsilə dələduzluq etmək ehtimalının sıfır olduğu ortaya çıxır. Hakerlər daha çox çipsiz kartlara hücum edirlər, lakin belə kartların sayı get-gedə azalır. Mövcud qaydaya görə banklar yalnız çipə malik, təmassız texnologiyanı dəstəkləyən kartlar buraxmağa mükəlləfdir. 

Bu yaxınlarda təqdim etdiyimiz “Visa Secure” (əvvəlki “Verified by Visa”nın yenilənmiş variantı) proqramı online tranzaksiyalarının təhlükəsizliyini daha da artıraraq online alış-verişi daha rahat hala gətirir, eyni zamanda ticarət və xidmət müəssisələri tərəfindən əməliyyatdan əsassız imtina hallarını xeyli azaltmağa kömək edir. Həmçinin bu proqram emitent banklar üçün açılan məlumatların 10 dəfədən çox artırılması vasitəsilə dələduzluq cəhdlərini daha səmərəli ayırd edərək aradan qaldırmaq imkanı yaradır. Bizim regionun bir çox ölkələrində dələduzların kart sahiblərini aldadaraq fərdi məlumatları ələ keçirmələri halları geniş intişar tapıb. Bu baxımdan daha həssas olan yaşlı nəslin nümayəndələri onlarla telefonla əlaqə saxlayan dələduzlara asanlıqla bütün lazımi məlumatları çatdırırlar. Belə hallara qarşı ən səmərəli mübarizə yolu KİV, banklar, təqaüd fondları tərəfindən aparılacaq maarifçilik-izahat işləridir. Bu məsələ ilə məşğul olduğumuz ölkələrdə son illər sözügedən problemin səngidiyi nəzərə çarpır.

- Bəs kiber təhlükəsizliklə bağlı hansı addımlar atılmalıdır?

- Birincisi, təmassız kartlara ən qısa zamanda, səmərəli şəkildə keçmək çox əhəmiyyətlidir. Yeri gəlmişkən təmassız ödənişlər sahəsində dünya lideri olan Gürcüstan məhz bizim regiona, Cənub-Şərqi Avropa və MDB ölkələrinə aiddir. Sözügedən istiqamətdə heyrətamiz irəliləyişə nail olan bu ölkədə hazırda POS-terminallardan aparılan hər 10 tranzaksiyadan 9-u təmassızdır. 

İkincisi, tokenləşmə və biometriktanıma (telefon vasitəsilə barmaq izlərindən və ya üzdən tanınma) sisteminə mümkün qədər tez keçilməlidir. Bütün bunlar tam şəkildə tətbiq olunsa dələduzluq ehtimalı minimuma enəcək. Hazırda Azərbaycan Mərkəzi Bankının dəstəyilə təmassız ödənişlərin və tokenləşmənin tətbiqi üçün banklarla işləyirik.

- Nağdsız ödənişlərin inkişafını nəzərdə tutan dövlət proqramı çərçivəsində ölkədə hansı yeniliklər tətbiq etmək fikrindəsiniz?

- İnsanları kartdan istifadəyə sövq edən bir sıra amillər var. Bunlardan birincisi müvafiq infrastruktur, ikincisi kartların nəqliyyatda vs. sosial sahələrdə qəbul edilməsi, üçüncüsü də kartla ödənişin qazandırdığı üstünlüklərdir. 

İnfrastruktur baxımdan bu il Azərbaycanda tətbiq edəcəyimiz “Visa Tap to Phone” texnologiyası vasitəsilə ödəniş terminalı olaraq smartfon istifadə oluna bilər. Artıq banklar, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən böyük maraq göstərilən bu texnologiya kartla ödənişləri orta və kiçik sahibkarlar üçün daha ucuz həyata keçirmək imkanı yaratmaqla ödənişlərin qəbulu infrastrukturunu xeyli genişləndirir.

Son xəbərlər

Orphus sistemi