Azərbaycanda investorların müdafiə səviyyəsi artırılacaq

Azərbaycanda investorların müdafiə səviyyəsi artırılacaq “Qiymətli kağızlar bazarı haqqında” qanuna və qeyd olunan bazarı tənzimləyən normativ-hüquqi aktlara dəyişiklik ediləcək
Maliyyə
3 İyun , 2017 09:59
Azərbaycanda investorların müdafiə səviyyəsi artırılacaq

Bakı. 3 iyun. REPORT.AZ/ Yaxın 2 il ərzində Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında” qanuna və qeyd olunan bazarı tənzimləyən normativ-hüquqi aktlara dəyişikliklər edilməsi nəzərdə tutulub.

“Report”un məlumatına görə, bu, ölkə prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb.

Plana əsasən, 2017-2018-ci illərdə bu il aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub:

- Əməliyyatların şirkətə vurduğu zərərə görə bu məsələdə maraqlı direktorun (əsas səhmdarın, nəzarət səhm paketi sahibinin) səhmdarlar tərəfindən məsuliyyətə cəlb edilməsi qaydasının dəyişdirilməsi və əməliyyatın ədalətsiz və ya digər səhmdarlara qarşı qərəzli olduğu bütün hallarda maraqlı direktorun məsliyyətə cəlbinin nəzərdə tutulması;

- Əməliyyatın alıcıya vurduğu zərərə görə digər direktorların / təsdiqləyici orqanın (icraçı direktorun, idarəetmə heyətinin və ya müşahidə şurası üzvlərinin) səhmdarlar tərəfindən məsuliyyətə cəlb edilməsi qaydasının dəyişdirilməsi;

- Məlumatların açıqlanmaması və şikayətçidən gizlədilməsi hallarının aradan qaldırılması məqsədilə şikayətçi tərəfindən ittiham olunan şəxsdən müxtəlif sənədlərin ayrı-ayrılıqda adlarını qeyd etməklə əldə edilməsi qaydasının dəyişdirilməsi;

- Şikayətçi səhmdarlara, hüquqi iddianın nəticələrindən asılı olmayaraq, öz xərclərinə görə şirkət tərəfindən təzminatın ödənilməsi qaydasının müəyyən edilməsi;

Qeyd olunan tədbirlərin icrası ilə Ədliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası məşğul olacaq.