Dekabrın 13-də Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşlara sosial şəbəkələr üzərindən "investisiya xidməti" göstərən, yüksək gəlir vəd edən "Maryam İnvest" investisiya şirkəti barədə xəbərdarlıq edib.
Tənzimləyici qurumun yaydığı məlumatda bildirilir ki, son dövrlər ölkə hüdudlarından kənarda yeni fırıldaqçılıq hallarına, vətəndaşların pullarını mənimsəməyə cəhd edilir.
Fırıldaqçılar adı çəkilən şirkətin AMB-dən lisenziya aldığını bildirərək saxta sənədlər əsasında vətəndaşların etibarını qazanmağa çalışır, onları təqdim etdikləri xarici bank hesablarına investisiya etməyə təşviq edirlər.
Bəs Azərbaycanda insanlar "investisiya xidməti" fırıldağından qoruna bilirmi? "Report" mövzunu ölkədə fəaliyyət göstərən investisiya şirkətlərindən birinin direktor müavini, Vəkillər Kollegiyasının üzvü Pərvanə Qasımova ilə müzakirə edib.
Onun sözlərinə görə, fırıldaqçılar vətəndaşlara ilk növbədə yüksək gəlir vəd edirlər: "Məsələn, hazırda maliyyə bazarında manatla investisiya qoyuluşu illik orta hesabla 10-13 % gəlir gətirirsə, onlar illik 20-30 %, bəzən isə 70 % gəlir vəd edirlər. Əsas məqsəd odur ki, insanların diqqətini özlərinə cəlb etsinlər, onlar hansısa platformada qeydiyyatdan keçsinlər. İnsan psixologiyası elədir ki, yüksək gəlir barədə vəd eşidəndə dərhal riskə getmək barədə düşünür, əlavə pul qazanmaq və maliyyə problemlərini həll etmək həvəsi onu analitik düşüncədən uzaqlaşdırır. Tora düşdükdən sonra ilk təklif bu olur ki, indi pulunuza hansısa kart hesabına və yaxud elektron cüzdana köçürün.
Ardınca fırıldaqçılar istifadəçiyə sözdə “maliyyə eksperti” təyin edirlər ki, o, "aktivlərin alınması" üçün məsləhət versin, investisiya qoymağa kömək etsin. Əslində, onun vəzifəsi bir insanı mümkün qədər çox pul qoymağa inandırmaqdır. “Mütəxəssis” deyəcək ki, ticarət yaxşı gedir və siz qazanc əldə edirsiniz, lakin saytda artan rəqəmlər heç nə demək deyil. Pul birjaya daxil olmur və fırıldaqçılar öz sxemlərinə uyğun olaraq sizə gəlir göstərə də bilirlər. Hətta sizə ilk aylarda gəlir də təqdim edə bilərlər. Fırıldaqçılar itirilmiş pulların geri qaytarılması ilə bağlı təklif də göndərirlər: Bu cür fırıldaqçılığın növbəti sxemi isə daha proqressivdir, əsas məqsədi sizdən bu xidmət üçün vəsait almaqdır".
P.Qasımova "investisiya xidməti" fırıldaqlarının qurbanı olmamaq üçün bəzi məsləhətlər də verib: "Hər hansı investisiya etməzdən əvvəl onu hərtərəfli araşdırın. İnvestisiya təklif edən şirkətlərin müvafiq lisenziyaya malik olduğundan, dövlət qeydiyyatından keçdiyindən əmin olun. Bu məlumatı AMB, eləcə də digər dövlət qurumları vasitəsilə yoxlaya bilərsiniz. Az və yaxud heç bir risk olmadan zəmanətli yüksək gəlir vəd edən investisiyalara şübhə ilə yanaşın. Tez qərar vermək üçün sizə təzyiq edilirsə və yaxud satıcı aqressivdirsə, ehtiyatlı olun. İnvestisiya məhsulunu, onun risklərini və potensial imkanlarını tam başa düşdüyünüzə əmin olun. Telefon zəngləri, elektron poçtlar və yaxud sosial media vasitəsilə gələn arzuolunmaz investisiya imkanlarından ehtiyatlı olun. Təklifin qanuniliyini müstəqil şəkildə yoxlayın".
"Şəxsi və maliyyə məlumatlarını paylaşarkən diqqətli olun. Bu cür məlumatları yalnız etibarlı və təsdiqlənmiş qurumlara təqdim edin. Potensial olaraq saxta investisiya ilə qarşılaşsanız, bu barədə hüquq mühafizə orqanlarına və AMB-yə məlumat verin. Bu, başqalarını qorumağa kömək edə bilər, fırıldaqçılıq fəaliyyətinin araşdırılmasına imkan verər. Heç bir investisiya tamamilə risksiz deyil, lakin bu ehtiyat tədbirlərinin görülməsi investisiya saxtakarlığının qurbanı olmaq ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər", - deyə ekspert fikrini tamamlayıb.