Bakı. 3 dekabr. REPORT.AZ/ Cari ilin noyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,2% bahalaşıb, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,1% bahalaşıb. Bunu "Report"a Dövlət Statistika Komitəsindən bildiriblər.
Məlumata görə, ay ərzində mal, qoyun və toyuq əti, balıq məhsulları, limon, portağal, naringi, alma, heyva, nar, xurma, kələm, göyərti, baş soğan, kök, çuğundurun qiymətində ucuzlaşma müşahidə edilib. Amma buğda unu, əla növ buğda çörəyi, düyü, qarabaşaq yarması, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə və zeytun yağları, üzüm, qoz, fındıq, şabalıd, xiyar, pomidor, kartof, sarımsaq, duz, şəkər tozunun qiymətində isə bahalaşma müşahidə olunub.