Azərbaycanda inflyasiya 3 %-dən çox olub

Azərbaycanda inflyasiya 3 %-dən çox olub 2021-ci ilin yanvar ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,2 % artıb
Maliyyə
9 Fevral , 2021 12:13
Azərbaycanda inflyasiya 3 %-dən çox olub

Bu ilin yanvar ayında istehlak qiymətləri ötən ilin yanvar ayına nisbətən 3,3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,6 %, qeyri-ərzaq məhsulları üzrə 3,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,3 % artıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər veir.

Məlumata görə, 2021-ci ilin yanvar ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,2 % artıb. 2021-ci ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,4 % bahalaşıb.

Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən mal və qoyun ətinin,

dondurulmuş balığın, bananın, portağalın, kivinin, qozun, şabalıdın, pomidorun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2021-ci ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 2,5 % artıb. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksinin artması Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətlərinin artırılması, habelə pambıq parçaların, yağlı və sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtanın, kərpicin, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, tozsoranların, televizorların, noutbukların və zərgərlik məmulatlarının qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2021-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən dəyişməyib.

Son xəbərlər

Orphus sistemi