Azərbaycanda illik inflyasiya 10,5%-ə yüksəlib

Azərbaycanda illik inflyasiya 10,5%-ə yüksəlib Bu ilin altıncı ayında qeyri-ərzaq məhsullarının qiymətləri 0,3% bahalaşıb
Maliyyə
11 İyul , 2016 20:15
Azərbaycanda illik inflyasiya 10,5%-ə yüksəlib

Bakı. 11 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,5 % bahalaşıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,3% ucuzlaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,3% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Ay ərzində düyünün, qarabaşaq yarmasının, yulaf və arpa yarmasının, toyuq ətinin, kərə və zeytun yağlarının, limonun, naringinin, çiyələyin qiymətlərində bahalaşma, makaron məmulatlarının, mal və qoyun ətinin, pasterizə olunmamış üzlü südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, bananın, gilasın, alçanın, əriyin, şaftalının, pomidorun, xiyarın, badımcanın, yerkökünün, çuğundurun, bibərin, göy lobyanın, kələmin, kartofun, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında may ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor və kompyuterlərin, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər qeydə alınmayıb.

Ümumiyyətlə, bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,4% artıb. 

May ayında aprelə nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,7% azalıb, qeyri-ərzaq məhsulları 0,3%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,2% bahalaşıb.

Son xəbərlər

Orphus sistemi