Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası (AFBİA) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə görüşü keçirilib.
“Report”a daxil olan məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, ABA-nın sədri Zakir Nuriyev, AMFİA-nın İdarə Heyətinin sədri Ceyhun İbrahimov və AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşov iştirak edib.
Tərəflər əsasən Azərbaycanda keçirilməsi planlaşdırılan maliyyə sərgisi barədə müzakirələr aparıb. Sərginin məqsədinin maliyyə sektorunun bütün iştirakçılarının – bank, sığorta və investisiya şirkətlərinin, həmçinin, maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsi olduğu bildirilib.
Görüşdə sərgiyə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb və Azərbaycanda ilk dəfə keçirilməsi nəzərdə tutulan maliyyə sərgisinin gələn ilin ortalarında keçirilməsi qərara alınıb.