Bakı. 3 mart. REPORT.AZ/ Bu ilin fevral ayında "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 476 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.
"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, bunlardan 786 müqavilə Türkiyə və İrana, 657 müqavilə Rusiya, Moldova və Ukraynaya, 33 müqavilə isə "Yaşıl Kart" sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.
Fevral ayında beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 108 254 manat təşkil edib. "Yaşıl Kart" üzrə bağlanılan müqavilələrin 1 165-i minik, 168-i yük, 135-i qoşqu, 7-i avtobus, 1-i isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.
Ötən ilin eyni ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 17,8 dəfə, sığorta haqlarının məbləğində 7,8 dəfə artım müşahidə olunub.
Qeyd edək ki, 2016-cı ilin fevral ayında "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən İran və Türkiyə ölkələrinə səfər edən avtonəqliyyat vasitələri üçün 83 beynəlxalq sığorta müqaviləsi bağlanılıb. Beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 13 927 manat təşkil edib.
Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta”, “Silkway İnsurance”, “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta”, “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan "Yaşıl Kart" sisteminə 2016-cı ilin əvvəlində qoşulub.