Yaxın günlərdə Azərbaycanda əkin sahələrinə dəymiş zərərlər, o cümlədən may-iyun aylarında müşahidə olunmuş qeyri-sabit hava şəraiti nəticəsində yaranan zərərlərə görə sığorta ödənişləri veriləcək.
"Report" bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.
Məlumata görə, Fond İsmayıllı rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda tədbir keçirib. Tədbirdə Dağlıq Şirvan iqtisadi rayonunda baş verən sel-subasma nəticəsində fermerlərə dəyən zərər, bu hadisələrin vurduğu zərərin qarşılanmasında aqrar sığortanın əhəmiyyəti, fermerlərə faydaları açıqlanıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb, nəticədə bu il sığorta ödənişləri daha da artacaq. Onun sözlərinə görə, zərərləri qarşılamaq üçün zəruri ehtiyatlar yaradıb, fermerlərə ödənişə yaxın günlərdə başlanılacaq.
Fermerlər xüsusilə dəmyə ərazilərində quraqlıq risklərindən sığortanın tətbiqi ilə bağlı Fond rəhbərliyinə suallar ünvanlayıblar. F.Sadıqov bildirib ki hazırda Fond quraqlıq risklərindən sığorta üzrə yeni mexanizmin hazırlanması üzərində işləyir.
Fond rəhbəri qarşıdan payızlıq əkin mövsümünün gəldiyini xatırladaraq fermerləri vaxt itirmədən əkin sahələrini sığorta etməyə, eləcə də əldə edəcəkləri məhsulun həcmini düzgün bəyan etməyə çağırıb.
Tədbirdə bildirilib ki, Dağlıq Şirvan regionunda 1 000 manatlıq taxıl məhsulunu qorumaq üçün cəmi 10-11 manat məbləğində sığorta haqqı tələb edilir, meyvə bağlarının sığortalanmasında isə bu məbləğ 1 000 manatlıq məhsul üzrə 15-20 manat arasında dəyişir.
İsmayıllı Rayon İcra hakimiyyəti, Aqrar Sığorta Fondu və fermerlər arasında fikir mübadiləsi formasında keçirilən görüşdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – "Aqrar Sığorta Kalkulyatoru" və "Sığorta şəhadətnaməsini yoxla" xidmətləri barədə məlumat verilib.