Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü il 1 dekabr tarixinə maliyyə-kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına yönəldilən kredit qoyuluşları üzrə ən yuxarı orta faiz dərəcəsi Kəlbəcər-Laçın iqtisadi rayonunda olub və illik 25,6% təşkil edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu iqtisadi rayon üzrə kredit qoyuluşlarının həcmi 31,579 mln. manat olub.
Daha sonra kredit faizlərinə görə Lənkəran və Dağlıq Şirvan (23,5%) iqtisadi rayonları yer alıb. Lənkəran iqtisadi rayonu üzrə kredit qoyuluşları 315,0 mln. manat, Dağlıq Şirvan üzrə 124,2 mln. manat təşkil edib.
Orta illik faiz dərəcəsinə görə daha sonra Aran (21,7%), Gəncə-Qazax (21,7%), Şəki-Zaqatala (20,8%), Yuxarı Qarabağ (20,8%), Quba-Xaçmaz (20,2%), Abşeron (19,2%) iqtisadi rayonları sıralanıb.
Hesabata əsasən, ən aşağı orta illik faiz dərəcəsi 13,5% olmaqla Naxçıvan iqtisadi rayonunda müşahidə olunub. Bu rayonda kredit qoyuluşları 109,4 mln. manat təşkil edib.
Ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşlarının 83,29%-ni əhatə edən Bakı şəhəri üzrə orta faiz dərəcəsi illik 12,5% olub.
Qeyd edək ki, 2014-cü il dekabrın 1-nə maliyyə-kredit təşkilatları tərəfindən məcmu kredit qoyuluşlarının həcmi 18,152 mlrd. manat, kreditlər üzrə orta faiz dərəcəsi illik 14,0% təşkil edib.