Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlara dair siyasət müzakirəsi keçirilib

Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlara dair siyasət müzakirəsi keçirilib İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlar dair siyasət müzakirə olunub.
Maliyyə
23 Sentyabr , 2019 16:43
Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlara dair siyasət müzakirəsi keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlar dair siyasət müzakirə olunub. 

"Report" xəbər verir ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və Dünya Bankının Ölkə Meneceri Navid Həsən Naqvi açılış nitqi ilə seminar iştirakçılarını salamlayıblar.

Qeyd edək ki, seminarın keçirilməsində məqsəd əmanətlərin sığortalanmasının səmərəli həyata keçirilməsi üzrə qabaqcıl beynəlxalq təcrübə və prinsiplər barədə fikir mübadiləsinin aparılmasıdır. Tədbiri giriş sözü ilə açan Vüsal Qasımlı bildirib: “2019-cu ilin iyulun 1-dən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. Bütövlükdə əmanətlərin tam sığortalanması mexanizmi 7,5 milyon tələbli və müddətli hesablara malik insanı əhatə edir. Əmanətlərin tam sığortalanması və manatın sabitliyi şəraitində bu ilin yanvarında əhalinin əmanətləri 8057,9 milyon manat olduğu halda, avqustun 1-də bu məbləğ daha 6,5 faiz artaraq 8 580 milyon manata çatmışdır. Bu ilin yanvar-iyul aylarında əhalinin manatla tələb olunanadək əmanətləri 52,1 faiz, manatla müddətli əmanətləri 11,6 faiz artmışdır. Əhalinin xarici valyutada tələb olunanadək əmanətləri 10,3 faiz artıb, xarici valyutada müddətli əmanətləri isə 11,3 faiz azalıb. Göründüyü kimi, əhalinin manata və banklara etimadı artmaqda davam edir. Eyni zamanda qeyri-maliyyə təşkilatlarının da depozitləri ilin əvvəlindən xarici valyutaya nisbətən manatla daha yüksək templə artır. Ümumilikdə, vergi-gömrük islahatları, nağdsız dövriyyənin artırılması, kölgə iqtisadiyyatının miqyasının kiçildilməsi və əmanətlərin sığortalanması sahəsində islahatlar bir-birini tamamlayır. Likvidlik dövriyyəsinin maliyyə-bank sektoruna cəlb edilməsi bu sahədə dayanıqlığın və iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının artmasına şərait yaradır. Bundan sonra da əmanətlərin sığortalanması sahəsində islahatlar ilk növbədə əhalinin maraqlarını təmin edəcək, rəqəmsal maliyyə və idarəetmə texnologiyalarının inkişaf etdirilməsi ilə maliyyə-bank sektorunu daha da gücləndirəcək.”

Dünya Bankının Ölkə Meneceri Azərbaycan hökumətinin maliyyə sabitliyini bərpası və ölkənin maliyyə təhlükəsizliyi sahəsində gördüyü tədbirləri, o cümlədən Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun potensialının gücləndirilməsi sahəsində səylərini yüksək qiymətləndirib. Bununla bərabər, əmanətlərin sığortalanması sisteminin (DIS) ən yaxşı beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün daha çox islahat tələb olunması və bu məqsədlə Dünya Bankının bu vacib məsələdə Azərbaycanı dəstəkləməyə hazır olduğunu bildirib.

Seminar zamanı Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi ölkədə Əmanətlərin Sığortalanması Sisteminin İnkişafı üzrə təqdimat edib. Təqdimatda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti eləcə də əmanətlərin sığortalanması sahəsində institusional məsələlər, tam sığortalanma, risk-əsaslı sığorta haqqı sistemi, ləğv etmə istiqaməti üzrə fəaliyyət barəsində məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Dünya Bankının mütəxəssisi Anjela Priqojina Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyanın (IADI) əsas prinsiplərinə riayət etməsi, Djurdjika Oqnyenoviç isə əmanətlərin tam sığortalanması sistemi sahəsində beynəlxalq təcrübə və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi imkanları barədə təqdimatlar ediblər.

Təqdimatların ardınca sual-cavab formatında davam edən seminar zamanı Dünya Bankı Qrupu və Azərbaycanın Əmanətlərin Sığortalanması Fondunun mütəxəssisləri Azərbaycanda və digər müvafiq ölkələrdə əmanətlərin sığortalanması sistemlərinin islahatı sahəsində təcrübə və çıxarılan dərsləri müzakirə ediblər. Bundan başqa Azərbaycanın əmanətlərin sığortalanması sisteminin islahatının həyata keçirilməsi üzrə tövsiyələr təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi