Azərbaycanda dövlət zəmanəti ilə alınan borcların Təminat Fondundan istifadə qaydaları dəyişib

Azərbaycanda dövlət zəmanəti ilə alınan borcların Təminat Fondundan istifadə qaydaları dəyişib Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib
Maliyyə
8 İyul , 2017 10:46
Azərbaycanda dövlət zəmanəti ilə alınan borcların Təminat Fondundan istifadə qaydaları dəyişib

Bakı. 8 iyul. REPORT.AZ/ Nazirlər Kabineti “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra əsas borclandan alınan və dövlət zəmanəti üzrə riskin dərəcəsi nəzərə alınmaqla Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilən haqqın miqdarı ümumi dövlət zəmanətinin 0,5%-dən az ola bilməz. Bu nisbət indiyə qədər ancaq 5%-dən çox ola bilməzdi.

Bundan başqa, əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini tam və yaxud qismən, ya da müəyyən olunmuş qaydada icra edə bilmədikdə, defolt baş vermək təhlükəsi yarandıqda və bu öhdəliyin icrasının zəmanətçi tərəfindən yerinə yetirilməsi tələb olunduqda öhdəliyin yerinə yetirilməsi fonda toplanmış vəsaitlər hesabına bir büdcə ili ərzində təmin edilməlidir.

Əsas borcalan rəsmi müraciətinə axırıncı maliyyə ili üçün müvafiq qaydada təsdiq edilmiş gəlirlər və xərclər smetasının icrası barədə hesabatı, “Mühasibat uçotu haqqında” qanunun tələblərinə uyğun olaraq, axırıncı maliyyə ili üçün maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə, həmçinin kredit təşkilatlarına borcları barədə Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışı və yaxud kredit bürosundan müvafiq kredit tarixçəsindən kredit hesabatını və digər borcları haqqında məlumatı əlavə edir. Maliyyə Nazirliyi əsas borcalandan təqdim edilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb etmək hüququna malikdir.

Dövlət zəmanətinin şərtlərinə uyğun olaraq, fondun il ərzində hər bir əsas borcalanın əvəzinə həyata keçirdiyi ödənişlərin sonradan bərpa edilməsi məqsədi ilə növbəti ilin ikinci ayının son iş gününə qədər həmin əsas borcalan Maliyyə Nazirliyi ilə müqavilə imzalamalı, həmin müqavilənin şərtləri əsas borcalanın maliyyə vəziyyəti nəzərə alınmaqla nazirlik tərəfindən müəyyən edilməlidir.

Həmçinin dəyişikliyə əsasən, fondun vəsaitləri dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinin valyuta strukturuna uyğun olaraq, nüfuzlu beynəlxalq reytinq agentlikləri (“Standard & Poor's”, “Fitch”, “Moody's) tərəfindən verilmiş minimum “A” kredit reytinqinə (və yaxud buna ekvivalent digər reytinq dərəcəsinə) malik və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində yerləşən banklarda, habelə Azərbaycanda bank lisenziyasına malik və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqi Azərbaycanın (suveren) borc reytinqindən maksimum 1 pillə aşağı olan banklarda depozitlərə (tələbli və müddətli) və yaxud bu banklar tərəfindən buraxılmış borc kağızlarına yerləşdirilməlidir. 

Son xəbərlər

Orphus sistemi