Bu il İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərində regionların payı əvvəlki illə müqayisədə 4 faiz bəndi artaraq 21 %-dən 25 %-ə yüksəlib.
“Report” xəbər verir ki, bunu Fondun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev bildirib.
“İpoteka krediti ümumilikdə bütün Azərbaycan ərazisində yaşayış sahələrinin alınmasına (mənzillərin, bağ evləri, fərdi yaşayış evləri) yönəldilir. Regionlara da sözsüz ki, ipoteka krediti verilir. Son illərdə ipoteka kreditləşməsində regionların payı artır", - deyə o, əlavə edib.
Xatırladaq ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.