Azərbaycanda deflyasiya başlayıb

Azərbaycanda deflyasiya başlayıb Ötən ay istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2% düşüb
Maliyyə
13 May , 2015 15:33
Azərbaycanda deflyasiya başlayıb

Bakı. 13 may. REPORT.AZ/ Cari ilin aprel ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,5% artıb, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9% isə düşüb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2% ucuzlaşıb.

“Report” Dövlət Statistika Komitəsinin hesabatına əsasən bildirir ki, ay ərzində qarabaşaq yarması, balıq məhsulları, toyuq əti, yumurta, qarğıdalı yağı, şəkər tozu, göyərti, çuğundur, kartofun qiymətlərində ucuzlaşma, düyü, makaron məmulatları, mal və qoyun əti, kərə yağı, zeytun və günəbaxan yağları, limon, portağal, naringi, banan, alma, armud, kələm, kök, soğan, sarımsaq, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Aprel ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin qiymətləri düşüb.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.

Xatırladaq ki, bu ilin mart ayında 0,9%, cari ilin ilk rübündə isə 2,8%-lik inflyasiya qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi