Azərbaycanda bank risklərinin idarə edilməsinə dair seminar keçirilib

Azərbaycanda bank risklərinin idarə edilməsinə dair seminar keçirilib Bank işçiləri Bazel-III standartları ilə bağlı məlumatlandırılıb
Maliyyə
10 Dekabr , 2014 17:25
Azərbaycanda bank risklərinin idarə edilməsinə dair seminar keçirilib

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) Tədqiqatlar və İnkişaf Mərkəzində “Bilik mübadiləsi Layihəsi" çərçivəsində kommersiya banklarının əməkdaşları üçün Bazel-III standartlarına dair seminar keçirilib.

“Report”un verdiyi xəbərə görə, seminarın keçirilməsində məqsəd bankların risklərin idarə edilməsi departamentlərində çalışan əməkdaşlarını Bazel-III-də olan yeniliklərin nəzəri və praktiki əsasları barədə məlumatlandırmaq olub.

AMB-nin Tədqiqatlar və İnkişaf Mərkəzi və Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin əməkdaşları seminar zamanı interaktiv mühit yaradıb və iştirakçılara Bazel-III-ün yaranmasına ehtiyac, Bazel-III-də kapitalın tərkib elementləri, kapital adekvatlığı tələbləri, kapital buferləri, likvidlik riski üzrə tələbləri izah ediblər.

Eyni zamanda Azərbaycanda Bazel-III-ün tətbiqi sahəsində aparılan işlər barədə məlumat verilib və iştirakçıların sulları cavablandırılıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, AMB-nin Tədqiqatlar və İnkişaf Mərkəzinin Resurslar və maarifləndirmə xidməti 2011-2014-cü illər üzrə strateji plana uyğun olaraq, “Bilik mübadiləsi Layihəsi" çərçivəsində müxtəlif hədəf qrupları üçün bir sıra tədbirlər həyata keçirir.

Son xəbərlər

Orphus sistemi