Azərbaycanda aqrar sektora ayrılan güzəştli kreditlərlə bağlı qanun pozuntuları aşkar olunub

Azərbaycanda aqrar sektora ayrılan güzəştli kreditlərlə bağlı qanun pozuntuları aşkar olunub Bakı. 19 dekabr. REPORT.AZ/ Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin formalaşması və istifadəsi ilə bağlı həyata keçirdiyi auditin nəticələrini açıqlayıb.
Maliyyə
19 Dekabr , 2017 16:32
Azərbaycanda aqrar sektora ayrılan güzəştli kreditlərlə bağlı qanun pozuntuları aşkar olunub

Bakı. 19 dekabr. REPORT.AZ/ Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin formalaşması və istifadəsi ilə bağlı həyata keçirdiyi auditin nəticələrini açıqlayıb.

“Report” quruma istinadən xəbər verir ki, bununla bağlı məlumat “Hesablama Palatası haqqında” qanuna əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası əsasında açıqlanıb.

Məlumatda deyilir ki, audit Dövlət Xidmətinin 1 yanvar 2015-ci ildən 1 iyul 2017-ci qədərki dövrdə fəaliyyətini əhatə edib. Yoxlama nəticəsində məlum olub ki, kredit vəsaitlərinin ayrılması prosesində bir sıra hallarda müvafiq normativ qaydaların tələbləri gözlənilməyərək, regionlar üzrə kredit vəsaitlərinə olan tələbata dair məlumatlar əhatəli olmayıb, bəzi hallarda layihələrin ekspertizası aparılmayıb, bir neçə halda əməkdaşlıq üçün müvəkkil kredit təşkilatları (MKT) müvafiq tələblərə uyğun seçilməyib, MKT-lər tərəfindən öhdəlik üzrə geri qaytarılan vəsaitlər bir məbləğlə ödənildiyi üçün layihələr üzrə əsas və faiz borcunun ödənişlərinin uçotunun aparılması təmin edilməyib, vaxtı keçmiş bəzi borclar balansda öz əksini tapmayıb.

“Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsinə görə ödənilmiş faizlər hesabına formalaşdırılan sığorta fondunun vəsaitlərinin istifadəsinin daxili qaydaları”na uyğun olaraq, qaytarılan kredit vəsaitləri üzrə 2%-lik borcun 75%-lik hissəsinin Xidmətin Sığorta Fonduna köçürülməsi müəyyən edilsə də, bəzi hallarda Fonda artıq vəsait ödənilib, MKT-lərdən daxil olan kredit layihələrinin monitorinqləri barədə hesabatlar tam araşdırılmayıb, kredit vəsaitlərindən istifadənin qənaətbəxşliyi barədə qeydlər aparılmayıb.

Hesablama Palatasının Kollegiyası Dövlət Xidmətinin yol verdiyi nöqsanları, əsasən, audit zamanı aradan qaldırdığını nəzərə almaqla müəyyən edilmiş digər məsələlər istiqamətində görülmüş tədbirlər haqqında rəhbərliyə məlumat verilməsi barədə qərar qəbul edib, auditin nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisinə məlumat təqdim edib.

Son xəbərlər

Orphus sistemi