Azərbaycan xarici dövlət borcunun ÜDM-nə nisbətini 9 %-dən aşağı endirib

Azərbaycan xarici dövlət borcunun ÜDM-nə nisbətini 9 %-dən aşağı endirib 2022-ci ilin yekununda Azərbaycanın xarici dövlət borcunun ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbəti 8,6 % təşkil edib.
Maliyyə
30 Yanvar , 2023 16:32
Azərbaycan xarici dövlət borcunun ÜDM-nə nisbətini 9 %-dən aşağı endirib

2022-ci ilin yekununda Azərbaycanın xarici dövlət borcunun ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbəti 8,6 % təşkil edib.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib.

"Ötən il həm də xarici borcun əhəmiyyətli şəkildə azaldılması və daxili borc bazarının inkişaf etdirilməsi ilə səciyyəvi olub. Bu işlər 2018-ci ildə ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilən və ötən ilin sonunda yenilənmiş “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi əsasında həyata keçirilib", - deyə o qeyd edib.

Müzakirələr zamanı Strategiyadakı məqsədlər üzrə müəyyən edilmiş hədəflərə nail olunduğu, həm ortamüddətli, həm də uzunmüddətli dövrdə dövlət büdcəsinin maliyyə ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlılığının təmin edildiyi bildirilib. Belə ki, 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 %-dən çox olmaması və 2025-ci ilə qədər 20 %-dən aşağı salınması hədəflənib. Strategiyanın icrası nəticəsində ümumi dövlət borcunun ÜDM-də payı 1 iyul 2018-ci il tarixi ilə, yəni Strategiyanın qəbul olunduğu dövr ilə müqayisədə 21,4 %-dən 9,7 faiz bəndi azalaraq 1 yanvar 2023-cü il tarixinə 11,7 % təşkil edib. Eyni dövr ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,3 %-dən 8,6 %-ə azalıb, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,1 %-dən 3,1 %-ə qədər artıb. Növbəti strateji məqsəd kimi dövlət borcu üzrə risk parametrlərinin aşağı salınması, o cümlədən, daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaldılması hesabına məzənnə riskinin azaldılması, faiz dərəcələrinin artım riskinin qarşısının alınması məqsədilə dəyişkən faizli borcların sabit faizli borclarla əvəz edilməsi nəzərdə tutulur.

Strategiyanın təsdiq olunduğu tarixdən etibarən ümumi dövlət borc portfelində xarici valyutada olan borcun payı 94 %-dən 20 faiz bəndi azaldılaraq cari ilin əvvəlinə 74 % təşkil edib, müvafiq olaraq daxili valyutada olan borcun payı isə 6 %-dən 26 %-ə yüksəlib. Bununla yanaşı, dəyişkən faiz dərəcələrinin istinad faiz dərəcələri (bençmark) ən aşağı səviyyədə olduğu zamanlarda, yəni 2020-2021-ci illərdə sabitləşdirilməsi təmin edilmiş və dəyişkən faiz dərəcəli borcun ümumi borc portfelində payı 1 iyul 2018-ci il ilə müqayisədə 49,7 %-dən 1 yanvar 2023-cü il tarixinə 35 %-dən aşağı endirilib. Bu isə öz növbəsində, dövlət büdcəsinin xarici dövlət borcuna xidmət xərclərinə qənaət edilməsinə imkan yaratmaqdadır.

Son xəbərlər

Orphus sistemi