Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklər təsdiqlənib. "Report" xəbər verir ki, dəyişikliklərə əsasən, yerli bankların və xarici bankların Azərbaycandakı filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatdan çox olan hissəsindən gəlir vergisi tutulacaq.
Əhalinin əmanətlərə görə illik gəlirinin 500 manatadək hissəsi gəlir vergisindən azaddır. Əmanətlərə görə illik gəliri 500 manatdan çox olan hissədən gəlir vergisi tutulacaq. Məsələn, əmanətçinin bir bankda 30 min manat həcmində əmanəti olarsa, həmin şəxs ildə 300 manat gəlir vergisi ödəməli olacaq.
Həmçinin, Azərbaycanda spirtli içki və tütün məmulatlarına tətbiq olunan aksiz vergisinin dərəcələri artırılıb. İçməli spirt üçün (o cümlədən, tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80%-dən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litrinə aksiz dərəcəsi 0,8 manatdan 2 manata, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə 0,5 manatdan 2 manata, konyak və konyak materiallarının hər litrinə 0,2 manatdan 6 manata, şampan şərabının hər litrinə 0,2 manatdan 2,5 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə 0,08 manatdan 0,2 manata qədər artırılıb. Bundan başqa, siqarlar, ucları kəsilən siqarlar və siqarellanın (nazik siqarlar) 1 000 ədədinə 10 manat, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədinə 4 manat aksiz dərəcəsi tətbiq olunacaq.
Bununla yanaşı, Azərbaycanda yol vergisi ödəyicilərinin siyahısına dəyişikliklər edilib. Dəyişikliyə əsasən, yol vergisi ödəyiciləri siyahısına Azərbaycan ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan ərazisində avtomobil benzini, dizel yanacağı və maye qazının istehsalı və ya idxalı ilə məşğul olan şəxslər daxil edilib.
Sənədə əsasən, Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzini, dizel yanacağı və maye qaza yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz vergisi daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.
Bundan başqa, idxal olunan avtomobil benzini, dizel yanacağı və maye qaza görə yol vergisi Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilib, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz vergisi daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. Layihədə deyilir ki, Azərbaycanda istehsal edilən neft məhsullarından yol vergisinin hesablanması və ödənişinə nəzarəti vergi orqanları, idxal edilən məhsullara görə verginin hesablanmasını isə gömrük orqanları həyata keçirəcək.
Həmçinin, idxal olunan platinin hər qramına görə aksiz dərəcəsi 2 manat təşkil edəcək. Qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının aksiz dərəcəsi 1 min çəki vahidindəki miqdarına görə müəyyənləşəcək. Belə ki, qızılın 1 min çəki vahidindəki miqdarı 375 olduqda aksiz dərəcəsi hər qrama görə 0,8 manat, 500 olduqda hər qrama görə 1 manat, 585 olduqda hər qrama görə 1,2 manat, 750 olduqda hər qrama görə 1,5 manat, 958 olduqda hər qrama görə 1,8 manat, 999 olduqda hər qrama görə 2 manat olacaq.
Bundan başqa, idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün aksiz vergisi 200 manat olmaqla iki cür hesablanacaq. Əgər idxal olunan almazın bir ədədinin miqdarı 1 karatdan aşağıdırsa, aksizin məbləği almazın karatının miqdarına mütənasib olaraq azaldılacaq. Almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olsa, vergi aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə əmsallar (1-2 karat olduqda - 2,0; 2-3 karat olduqda - 3,0; 3-4 karat olduqda - 4,0; 4-5 karat olduqda - 5,0; 5 karatdan yuxarı olduqda - 10,0) tətbiq edilməklə hesablanacaq.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar dövlət qeydiyyatı, həmçinin avtonəqliyyat vasitələrinə dövlət texniki baxışı zamanı aidiyyəti dövlət orqanlarının yol vergisinin ödənilməsi barədə sənədi tələb etməsinin həmin qanun qüvvəyə mindiyi gündən dayandırılmasını təmin etməli; aidiyyəti dövlət orqanları ilə birlikdə, bu qanunla təsdiq edilmiş yeni vergi dərəcələrinə uyğun olaraq, 2015-ci il dövlət büdcəsinin gəlirlərinin artırılması üçün zəruri tədbirlər görməli və hər rüb dövlət büdcəsinə vergi növləri üzrə əlavə daxilolmaların vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8 (III kitab), maddə 616; 2005, N 12, maddə 1099; 2006, N 5, maddə 400, N 12, maddə 1034; 2007, N 4, maddə 323, N 12, maddə 1225; 2008, N 11, maddə 972; 2009, N 3, maddə 163, N 4, maddə 226, N 10, maddə 780; 2010, N 7, maddə 610; 2011, N 7, maddə 631; 2013, N 7, maddə 805, N 11, maddə 1324; 2014, N 4, maddə 359, N 5, maddə 477, N 9, maddə 1027,
N 10, maddə 1198; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 350 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.4-cü bənddə “194.2.1-ci,” sözlərindən sonra “212.3-cü,” sözləri əlavə edilsin;
3.2. 1.18-ci bənddən “212-2-ci və” sözləri çıxarılsın.
Vergilər Nazirliyi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 212.3-cü maddəsinə uyğun olaraq, bir ay müddətində yol vergisi bəyannaməsinin formasını müəyyənləşdirməlidir.