Azərbaycan və Türkiyənin ali audit qurumları əməkdaşlığı gücləndirir

Azərbaycan və Türkiyənin ali audit qurumları əməkdaşlığı gücləndirir Nümayəndə heyətini Palatanın sədri Vüqar Gülməmmədov qəbul edib
Maliyyə
2 Mart , 2021 15:59
Azərbaycan və Türkiyənin ali audit qurumları əməkdaşlığı gücləndirir

Azərbaycanın Hesablama Palatası ilə Türkiyənin Sayıştay Başkanlığı arasında Həmkar Qiymətləndirməsi çərçivəsində qonşu ölkənin adı çəkilən qurumunun nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə “Report”a Hesablama Palatasından bildirilib.

Məlumata görə, nümayəndə heyətini Palatanın sədri Vüqar Gülməmmədov qəbul edib. O, iki qurum arasında 2005-ci ildə imzalanmış İkitərəfli Əməkdaşlığa dair Sazişin əhəmiyyətini və bu çərçivədə formalaşan əməkdaşlıq və dostluq əlaqələrinin önəmini vurğulayıb, görüşdə dost dövlətlərin ali audit orqanlarının birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra V.Gülməmmədov yeni növ koronavirus (COVID-19) şəraitinin yaratdığı iqtisadi və sosial çətinliklərin təsirlərinin yumşaldılması və aradan qaldırılması məqsədilə dövlətin həyata keçirdiyi geniş miqyaslı və əhatəli dəstək tədbirləri barədə məlumat verib, ali audit orqanları qarşısında həmin tədbirlər üçün icra edilmiş vəsaitlərin auditinin keçirilməsinin aktual bir məsələ kimi durduğunu qeyd edib. Bu baxımdan, Hesablama Palatasının 2020-ci ilin dekabr ayında təsdiq edilmiş cari ilin İş planına pandemiyanın təsirləri ilə mübarizə istiqamətində icra edilmiş vəsaitlərin auditi üzrə tədbirlərin daxil edildiyi, hal-hazırda artıq bu istiqamətdə nəzarət tədbirinin həyata keçirilməkdə olduğu diqqətə çatdırılıb.

Daha sonra Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov qonaqları salamlayıb və Həmkar Qiymətləndirməsi çərçivəsində görülmüş işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Sayıştay Başkanlığının Başkan yardımçısı cənab Zekeriya Tüysüz bildirib ki, Həmkar Qiymətləndirməsinin məqsədi Hesablama Palatasının maliyyə, uyğunluq və səmərəlilik (performans) auditləri daxil olmaqla ümumilikdə audit fəaliyyətinin cari vəziyyətinin audit metodologiyası çərçivəsində qiymətləndirilməsi və müəyyən olunan fərqlərin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi ilə bağlı tövsiyələrin verilməsidir.

Z.Tüysüz həmçinin bildirib ki, ötən müddətdə layihə çərçivəsində öncədən müəyyən edilmiş İşçi Qrup planına əsasən, hər üç audit istiqaməti üzrə Hesablama Palatasının auditorlarının rəhbərliyi altında audit aparmış qruplarla videoformatda müxtəlif görüşlər keçirilib, Sayıştay Başkanlığının əməkdaşları hər üç formada auditlərin müxtəlif meyarlar üzrə qiymətləndirilməsi məqsədilə ümumilikdə 7 audit hesabatının İNTOSAİ tərəfindən qəbul edilmiş beynəlxalq audit standartlarına (İSSAİ) uyğunluğunu araşdırıb, görülmüş işlərin ilkin nəticələri təqdim olunmuş və nəzərdən keçirilmiş hesabatlar ətrafında müzakirələr aparılıb.

4 gün davam edəcək tədbirdə Həmkar Qiymətləndirməsi üzrə növbəti görüş və müzakirələrin keçirilməsi və iki qurumun əməkdaşları arasında təhlil edilmiş audit istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi