Dekabrın 28-də, saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun iclası keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, iclas “Webex” onlayn platforması vasitəsilə baş tutacaq və 2021-ci ilin yekunlarına həsr olunacaq.
İclasda işçi qrupuna üzv dövlət qurumları, ictimai birlik və assosasiya nümayəndələrinin iştirakı nəzərdə tutulub. İşçi qrupunun 2021-ci il üzrə fəaliyyət planının icrası, xüsusilə büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması istiqamətində hesabat dövründə görülmüş işlər müzakirə ediləcək. İclasda həmçinin təbii resursların idarəedilməsi indeksinin işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planına daxil edilməsi təklifi müzakirə olunacaq, bu istiqamətdə ölkənin mövqeyinin yaxşılaşdırılması üçün görülməli işlər ətrafında fikir mübadiləsi aparılacaq.