Azərbaycan parlamenti 2017-ci ilin büdcə zərfini təsdiq edib - YENİLƏNİB

Azərbaycan parlamenti 2017-ci ilin büdcə zərfini təsdiq edib - YENİLƏNİB Dövlət büdcəsinin gəlirləri 16,255 mlrd. manat, xərcləri isə 16,904 mlrd. manat həcmində təsdiqlənib
Maliyyə
357
16 Dekabr , 2016 12:41
Azərbaycan parlamenti 2017-ci ilin büdcə zərfini təsdiq edib - YENİLƏNİB

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanın 2017-ci il dövlət büdcəsinin layhəsi Milli Məclisin bügünkü plenar iclasında səsə qoyularaq təsdiqlənib.

"Report"un verdiyi xəbərə görə, maliyyə naziri Samir Şərifov deyib ki, 2017-ci il dövlət büdcəsinin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin layihəsinin MM-də müzakirəsi zamanı irəli sürülən təkliflər təhlil edilib və makroiqtisadi sabitliyin qorunması nəzərə alınmaqla bəzi tədbirlər üzrə xərclərin artırılması nəzərdən keçirilib.

"Bəzi məsələlərin həlli üçün maliyyə təminatı öz həllini tapıb. Mədəniyyət xərclərinin artırılması ilə bağlı təkliflər nəzərə alınıb və bu sahəyə ayrılan vəsaitə əlavə 3 mln. manatın ayrılması nəzərdə tutulur. Həmçinin, MM-in saxlanılması xərclərinin də 850 min manat artırılması nəzərdə tutulub. Gənclər Fondunun vəsaitinin cari ilin səviyyəsində saxlanılması təklif edilib. Lakin 2017-ci ildə büdcənin hədəfləri, büdcə yığcamlaşması nəzərə alınaraq Gənclər Fonduna azalmanı ciddi problem hesab etmirik və Fonda əlavə vəsait ayrılması düzgün hesab edilmir", - deyə nazir qeyd edib. 

Bildirək ki, MM-in bu gün keçirilən plenar iclasında Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan digər məsələlər də - "2017-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası səsə qoyularaq təsdiq edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 2017-ci il üçün gəlir və xərcləri 3 400,0 mln. manat həcmində proqnozlaşdırılır.

Azərbaycanda gələn il yaşayış minimumu 155 manat, ehtiyac meyarı 116 manat olacaq.

Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin layihəsində Hesablama Palatası üçün 3,812 mln. həcmində vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisədə 0,8% çoxdur.

Gələn il Milli Məclis və Aparatının saxlanılması üçün büdcə layihəsində 23 939 714 manat nəzərdə tutulub ki, bu da 2016-cı ildən 394 784 manat və ya 1,74% çoxdur.

Qeyd edək ki, dəyişikliklər nəzərə alınmaqla, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16,255 mlrd. manat, xərcləri 16,904 mlrd. manat həcmində təsdiqlənib.

ARDNF-dən dövlət büdcəsinə transfertlər 6,1 mlrd. manat həcmində nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1,515 mlrd. manat və ya 19,9% azdır.

Gələn ilin büdcəsində gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti 40 dollar/barel səviyyəsində nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi