Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Məclisinin növbəti plenar iclası işə başlayıb. "Report" xəbər verir ki, iclas Oqtay Əsədovun sədrliyi ilə keçirilir. Üç gün davam edəcək iclasların gündəliyinə 7 məsələnin müzakirəsi yer alıb.
Müzakirə olunacaq məsələlər sırasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, Azərbaycan Milli Məclisi və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında, eləcə də "Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihələri daxil edilib.
Gələn ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxış edən spiker Oqtay Əsədov qeyd edib ki, Azərbaycan 10 ildən artıqdır inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur: "Ölkənin iqtisadi həyatında baş verən müsbət keyfiyyət dəyişiklikləri gələn ilin büdcə zərfində də əksini tapıb. Buna görə hesab edirəm ki, millət vəkillərinin büdcə ilə bağı fikirləri formalaşıb və müzakirələrdə sözlərini deyə biləcəklər”.
Onun sözlərinə görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında 2,3% artım əldə edilib: "Makroiqtisadi proqnozlara görə, 2014-cü ildə ÜDM istehsalının 59 mlrd. manat olacağı gözlənilir. Bu da əvvəlki illə müqayisədə 3,6% çoxdur. Önəmli məqamlardan biri də odur ki, qeyri-neft sektorunda bu göstərici 8,1% təşkil edəcək. Cari ilin sonuna qədər isə iqtisadiyyatın bütün sahələrində artım gözlənilir".
Daha sonra iclasda çıxış edən parlamentin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin layihəsi çox mükəmməl və ölkənin inkişaf strategiyasına uyğun hazırlanıb.
Komitə sədrinin sözlərinə görə, dünyada baş verən bəzi proseslər və neftin qiymətinin müəyyən təsirlərə məruz qalmasına baxmayaraq, yeni ilin büdcəsində də sosial proqramlara çox böyük önəm verilib.
"Gələn ilin dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 90 ABŞ dolları səviyyəsində müəyyən edilməsi Azərbaycan iqtidasiyyatına təxminən 2-3 mlrd. manat ziyan vura bilər. Lakin ola bilsin ki, neftin qiyməti dünya üzrə 75-80 dollara qədər aşağı düşsün. Bu da təbii ki, dünya iqtisadiyyatı ilə bağlı məsələdir".
Büdcə layihəsini parlamentdə təqdim edən maliyyə naziri Samir Şərifov öz növbəsində qeyd edib ki, 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələri Azərbaycan Konstitusiyasına və büdcə qanunvericiliyinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilib.
Büdcə layihəsinin tərtibi prosesində dövlət və icmal büdcələrinin gəlirlərini təmin edən orqanların təqdim etdiyi təkliflər həmin qurumlarla işçi qaydada birgə müzakirə edilib və gəlirlərin optimal variantı üzərində dayanılıb.
Nazirin sözlərinə görə, ölkə başçısının dövlətin hərtərəfli inkişafına, xalqın rifahının yaxşılaşdırılmasına yönəldilmiş sosial-iqtisadi inkişaf kursu rəhbər tutulmaqla hazırlanmış layihədə sosial məsələlərin, aztəminatlı əhaliyə dövlət dəstəyinin prioritetliyi saxlanılıb.
S.Şərifov bildirib ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin layihəsində gəlirlər ÜDM-in 35,5%-i həcmində olmaqla 19,438 mlrd. manat, xərclər isə ÜDM-in 35,3%-ni təşkil etməklə 21,100 mlrd. manat həcmində proqnozlaşdırılır. Bu ilin büdcə proqnozları ilə müqayisədə gələn il büdcə gəlirlərinin 5,7%, xərclərin isə 5,2% artacağı proqnozlaşdırılır.
Büdcənin gəlirlər hissəsinin yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək. Gələn il ARDNF-dan dövlət büdcəsinə 10,388 mlrd. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Bundan başqa, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7,112 mlrd. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 1,590 mlrd. manat daxilolma proqnozlaşdırılır.
Nəticədə, 1,662 mlrd. manat həcmində büdcə kəsiri nəzərdə tutulur.
Nazir əlavə edib ki, Azərbaycanda 2015-ci ildə dövlət büdcəsindən elmə ayrılan maliyyə vəsaitinin məbləği 2013-cü illə müqayisədə 21,8% artırılaraq 142 mln. manata çatdırılacaq. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət təşkilatlarında mövcud olan elmi tədqiqat müəssisələri tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Hazırda maliiyə nazirinin çıxışı davam edir.