Azərbaycan milli birja indeksinin tətbiqinə hazırlaşır

Azərbaycan milli birja indeksinin tətbiqinə hazırlaşır İndeks real iqtisadiyyatı təmsil edən sahələrin şirkətlərinin listinqi əsasında formalaşdırılacaq
Maliyyə
29 Noyabr , 2017 15:27
Azərbaycan milli birja indeksinin tətbiqinə hazırlaşır

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanda milli birja indeksinin yaradılması üçün, ilk növbədə, real iqtisadiyyatı təmsil edən şirkətlər birjada listinqdən keçməlidir. 

Bunu “Report”a açıqlamasında Bakı Fond Birjası (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov bildirib: "Bu gün onun üzərində çalışırıq. İlk növbədə, real iqtisadiyyatı təmsil edən mühüm sektor şirkətlərinin birjaya listinqini təmin etməsi lazımdır ki, onların bazasında birja indeksi formalaşdıraq".

"Bu gün indeksin sayılması üçün baza formalaşdırmalıyıq. Hüquqi və texniki bazanı yaratmışıq. Hazırda səbətin formalaşdırılması üzərində hədəflər var və həmin hədəflər üzərində çalışırıq. Şirkətlərin listinqindən, bazar qiymətlərinin yaranmasından sonra bizdə indeksin səbəti hazır olacaq və əlimizdəki imkanlar hesabına həmin indeksi çıxara biləcəyik. Fond indekslərinin yaranması üçün indeksin səbəti formalaşmalıdır və həmin səbətə daxil olan şirkətlər də iqtisadiyyatın indikatoru olan şirkətlər olmalıdır. İqtisadiyyatda baş verən trendləri göstərən şirkətlərin səhmləri bir səbət şəklində yığılır. Bu şirkətlər də iqtisadiyyatın müxətlif sahələrini əhatə edir. Bütün sektorların nümunəvi ola biləcək şirkətlərindən ibarət bir səbət formlaşdırılır. Beləliklə, həmin indeksin dəyişməsi, o səbətə daxil olan şirkətlərin səhmlərinin dəyişməsi iqtisadiyyatın bu və ya digər meyillərini göstərir", - deyə BFB rəhbəri qeyd edib.

V.Namazov əlavə edib ki, strateji yol xəritələrində əks olunan məsələlərdən biri də iqtisadiyyatın mühüm sahələrini təmsil edən ən azı 5 şirkətin birjada listinqə gətirilməsi ilə bağlıdır: "Həmin şirkətlərin səhmlərinin ticarətini təşkil edə bilsək, onların qiymətləri üzərindən indeksi hesablaya bilərik”.

O bildirib ki, indeksin hesablanması çox sadədir: “Səbətə alətlər daxil olur. Bu alətlər, gündəlik qiymətlərin dəyişməsi əsasında indeksin trayektoriyası müəyyən edilir və bu da fond bazarını göstərir”.

Son xəbərlər

Orphus sistemi