Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının sabiq rəhbəri Məhəmməd əl-Qorçi və missiyanın yeni rəhbəri Natalia Tamirisa ilə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov arasında görüş keçirilib.
AMB-dən “Report”a verilən məlumata görə, görüşdə Məhəmməd əl-Qorçi onun dövründə BVF-nin Azərbaycanda görülmuş işləri barədə məlumat verib.
Daha sonra o, yeni missiya rəhbərini təqdim edərək N.Tamirisanın Fondun fəaliyyətinin müxtəlif istiqamətlərində geniş tərcübəsini xüsusi vurğulayıb.
Öz növbəsində, E.Rüstəmov ölkədə əldə olunmuş sürətli sosial-iqtisadi inkişaf, bərqərar olmuş ictimai-siyasi sabitlik sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və beynəlxalq əməkdaşlıq üçün cəlbediciliyinin daim artdığını və belə əməkdaşlığın mühüm istiqamətlərindən birini nüfuzlu beynəlxalq maliyyə-kredit institutları, o cümlədən BVF ilə əlaqələrin təşkil etdiyini qeyd edib.
E.Rüstəmov missiyanın yeni rəhbəri N.Tamirisaya Azərbaycanda həyata keçiriləcək fəaliyyətində uğurlar arzulayaraq BVF və AMB arasında formalaşmış əməkdaşlıq, ölkədəki makroiqtisadi vəziyyət, iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti istiqamətləri və bu sahədə keçirilən islahatlar barədə ətraflı məlumat verib.
N.Tamirisa ölkəmizdə müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da ölkəmizə texniki yardımın göstərilməsinə və müvafiq məsləhətləşmələrdə iştirak etməsinə hazır olduğunu bildirib. O, BVF-nin Azərbaycana dəstəyinin bundan sonra da davamlı olaraq genişləndirilməsi istiqamətində çalışacağını qeyd edib.
Görüşdə həmçinin AMB və BVF arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.