​​​​​​​Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozlarını yeniləyib

​​​​​​​Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozlarını yeniləyib Azərbaycanda inflyasiyanın dinamikası son aylar proqnozlaşdırılan trayektoriyaya uyğundur və əsasən azaldıcı amillərin təsiri altında formalaşır.
Maliyyə
18 Dekabr , 2020 14:35
​​​​​​​Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozlarını yeniləyib

Azərbaycanda inflyasiyanın dinamikası son aylar proqnozlaşdırılan trayektoriyaya uyğundur və əsasən azaldıcı amillərin təsiri altında formalaşır. Pandemiya ilə bağlı məcmu tələbin aşağı və məcmu buraxılışın kəsirli olduğu şəraitdə rəsmi statistikaya görə noyabrda 12 aylıq inflyasiya 2,4% təşkil edib ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir.

“İstehlak səbətinin əsas alt kateqoriyaları üzrə qiymət dəyişimi fərqli dinamika nümayiş etdirir.

Ərzaq inflyasiyası noyabrda 0,4%, son 12 ayda isə 3,9% təşkil edib. Ərzaq inflyasiyasının dinamikasına dünya ərzaq qiymətlərinin son 12 ayda 6,5% artması da təsir göstərib.

İnflyasiyanın qeyri-ərzaq və xidmət komponentləri üzrə stabillik davam edir ki, bu da əsasən istehlak tələbinin azalmasından irəli gəlir. Qeyri-ərzaq məhsullarının qiymətləri son ayda 0,1%, xidmətlər isə 0,9% artıb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətlərinin 12 aylıq dəyişimi müvafiq olaraq 1,2% və 1,1% təşkil edib.

İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişir. Real sektor müəssisələri üzrə monitorinqin nəticələrinə əsasən, noyabrda oktyabra nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi (əsasən toxuculuq və tikiş altsektorları hesabına) və ticarət sahələrində azalıb, xidmət sektorunda artım meyilli olsa da mənfi zonada qalıb, tikinti sektorunda isə demək olar ki, dəyişməyib. Bütövlükdə bütün iqtisadi subyektlər üzrə inflyasiya gözləntiləri faktiki göstəricilərə yaxın formalaşıb. Dekabrda ev təsərrüfatları arasında aparılmış sorğuya görə növbəti 12 ay üzrə qiymətlərin daha yüksək templə artacağını gözləyən respondentlərin xüsusi çəkisi sentyabr ayı ilə müqayisədə 13 faiz bəndi azalaraq 12%-ə enib.

Dekabrda yenilənmiş proqnozlara görə inflyasiyanın 2020-ci ilin sonuna 3% ətrafında, 2021-ci ilə isə 3,5-4% diapozonunda formalaşacağı gözlənilir”, - deyə qurum bəyan edib.

"Pul siyasətinə həsr olunmuş ötən iclasdan bəri risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib.

Qısamüddətli dövr üzrə inflyasiyaya azaldıcı təsir göstərən amillər üstünlüyünü qoruyur. Dünya ərzaq qiymətlərində bahalaşma və epidemiya əleyhinə xərclərin artması məcmu tələbin azalması hesabına neytrallaşır. Manatın məzənnəsinin sabitliyi və iqtisadiyyatda əhəmiyyətli qeyri-müəyyənliklər fonunda kreditə tələbin azalması qısamüddətli dövrdə qiymət sabitliyinin əsas amilləridir.

Ortamüddətli dövr üzrə isə məcmu tələbin və beləliklə iqtisadi artımın bərpası inflyasiya proseslərinə təsir edən başlıca amilllərdən biri olacaq. Məcmu tələbin bərpasına xarici mühitin yaxşılaşması, təxirə salınmış tələb və kredit qoyuluşları ilə yanaşı işğal altında olan ərazilərdə quruculuq planlarının həyata keçirilməsini nəzərdə tutan fiskal aktivlik də müsbət impulslar verəcək. Bu dövrdə qiymətlərin sabitliyini və valyuta bazarında tarazlığı təmin edən makroiqtisadi çərçivə xarici mühitdən gələ bilən mümkün şokların idarə edilməsinin və iqtisadi artımın dayanıqlı əsaslarla bərpasının əsas şərtlərindən biri olacaq.

AMB bundan sonra da iqtisadiyyatda və maliyyə bazarlarının bütün seqmentlərində gedən proseslərin monitorinqini davam etdirəcək, ölkədə makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün sərəncamında olan bütün alət və vasitələrdən istifadə edəcək", - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər

Orphus sistemi