“Visa”: Azərbaycan MDB və Cənub-Şərqi Avropanın sürətlə inkişaf edən bazarlarındandır - MÜSAHİBƏ

“Visa”: Azərbaycan MDB və Cənub-Şərqi Avropanın sürətlə inkişaf edən bazarlarındandır - MÜSAHİBƏ “Report” “Visa” şirkətinin Qafqaz ölkələri üzrə regional meneceri Kristina Doroşla müsahibəni təqdim edir:
Maliyyə
27 Fevral , 2020 18:28
“Visa”: Azərbaycan MDB və Cənub-Şərqi Avropanın sürətlə inkişaf edən bazarlarındandır - MÜSAHİBƏ
Kristina Doroşla / Report

“Report” “Visa” şirkətinin Qafqaz ölkələri üzrə regional meneceri Kristina Doroşla müsahibəni təqdim edir:

- Bu yaxınlarda “Visa”nın 2019-cu il üzrə maliyyə göstəriciləri dərc olundu. Azərbaycanda ödənişlər sisteminin inkişaf səviyyəsini necə dəyərləndirərdiniz? Bu sahədə ötən il hansı yeniliklər baş verib?

- Ölkələrdə ödənişlər biznesini dəyərləndirirkən biz sistemin inkişaf dinamikasını anlamaq üçün ödəmələrin sayında, həcmində artım kimi mühüm göstəriciləri əsas götürürük. Hazırda Azərbaycanın MDB və Cənub-Şərqi Avropa regionunda nağdsız ödənişlərin artımı sarıdan ən yüksək göstəricilərdən birinə sahib olduğunu məmnuniyyətlə qeyd etmək istərdim. Belə ki, 2019-cu ildə Azərbaycanda ödənişlərin həcmi əvvəlki ilə nisbətən 40 faiz, tranzaksiyaların sayı isə 41 faiz artıb. 

Bu artımın iki ən mühüm səbəbini müəyyənləşdirmişik. 

Birincisi, “Visa” kartlarının sahibləri nağdsız ödənişlərin nə qədər rahat, sürətli və təhlükəsiz olduğunu get-gedə daha çox görür və dərk edirlər. Üstəlik, bu kartlardan istifadə etməklə “Visa”nın da sponsorluq etdiyi Tokio Olimpiya Oyunlarına bilet udmaq kimi uduşlar, bonuslar, endirimlər qazanmaq mümkündür. Belə ki, qarşıdakı Oyunların tarixin ən innovasiyalı Olimpiya Oyunları olacağı təşkilatçılar tərəfindən artıq bəyan edilib. 

İkincisi, əsasən ödənişlər texnologiyalarının operatoru olan “Visa” banklarla əməkdaşlıq etməklə müştərilərə ödəniş alətlərindən yararlanmaq üçün getdikcə daha geniş imkanlar təqdim edir. Hazırda Azərbaycanda təmassız ödənişlər sistemi (NFC) sürətlə inkişaf edir. Yəni kartı, yaxud ödəniş üzüyünü təmassız POS-terminalının müvafiq yuvasına yaxınlaşdırmaqla ödəniş həyata keçirilir. Kartı terminalın içinə salmaq, yuvasına qoymaq, kassirə vermək lüzumu aradan qalxır. 

Bundan əlavə, ölkədəki nağdsız ödənişlər sistemi üçün bir mühüm hadisə də ötən ilin sentyabr ayında “Visa Token Service” sisteminin tətbiqi oldu. Bu da mobil ödənişlər sisteminin inkişafı üçün tokenləşdirmə texnologiyasının işə salınması deməkdi. Bu texnologiya vasitəsilə banklar mobil partmanatları inkişaf etdirmək imkanı qazanırlar. Hazırda iki ən böyük bank tərəfindən tətbiq olunan bu texnologiyanın tezliklə ölkənin bütün nüfuzlu banklar tərəfindən əxz ediləcəyini düşünürük. 

“Visa” kartları sahibləri öz kartlarını token deyilən mobil əlavəyə bağlamaqla ödənişlərini telefon vasitəsilə həyata keçirə bilərlər. Bununla yanaşı token texnologiyası çərçivəsində ödənişin bank kartının göstəriciləri yox, rəqəmli eyniləşdirici olan token vasitəsilə həyata keçirildiyi üçün ən yüksək səviyyədə təhlükəsizlik təmin olunur. Belə ki, hər bir token konkret telefona bağlı olub ondan ayrılıqda istifadə oluna bilməz. Nəticədə dələduzların onu ələ keçirməsi də tamamilə mənasızdır. Ölkədə ilk dəfə olaraq tokeni Azərbaycan Beynəlxalq Bankı, bu ilin yanvar ayının sonundan isə Kapital Bank tətbiq edib. Sonuncu bank artıq bir milyondan artıq mobil əlavə yüklənməsi kimi yüksək göstəriciyə nail olub. Yəni artıq bir milyondan artıq azərbaycanlı ödənişlərini telefon vasitəsilə həyata keçirməyə hazırdır. İnsanların rahatlığı və təhlükəsizliyinə rəvac verən nağdsız ödənişlərin inkişaf etdirilməsinə bundan sonra da davam edəcəyik.

- Ötən ilin aprel ayında “Visa” MDB ölkələrinin bankları qarşısında təmassız kartlara keçmək şərtini qoymuşdu. Bu sahədə Azərbaycandakı işlər nə yerdədir?

- “Visa”nın qaydalarına görə CEMEA (Mərkəzi Avropa, Yaxın Şərq, Afrika) regionunda, o cümlədən Azərbaycanda ixtiyari bankın buraxdığı yeni kartlar təmassız olmalıdır. Bunun da məqsədi kartın buraxıldığı və ödənişin həyata keçirildiyi ölkəyə baxmayaraq bütün kart sahibləri üçün bərabər şərait və imkanlar təmin etməkdir. Belə texnoloji tələblər özünü tamamilə doğruldaraq bazar iştirakçılarını yeni texnologiyaları tətbiq etməyə sövq edilir. Bunun da bəhrəsini artıq görürük, son bir ildə Azərbaycanda təmassız ödənişlərin sayı ikiqat artıb.

Bizim qənaətimizcə, yerdə qalan təmaslı kartların istifadə müddəti bir il, ilyarım ərzində başa çatacaq. 2019-cu ilin aprel ayından əvvəl buraxılmış hazırda tədavüldə olan kartların müddəti bitdikdən sonra təmassızlarla əvəzlənəcəyini gözləyirik. Yəni banklar müştərilərini yeni təmassız kartlarla təmin edəcəklər. Bu prosesi tələsdirməmək şərtilə üzümü ölkə vətəndaşlarına tutub demək istəyirəm ki, hazırkı kartınız təmassız deyilsə, banka gedib onu təmassıza dəyişdirməyə ərinməyin. Belə ki, hazırda bankların 88 faizi artıq təmassız kart buraxırlar. Token xidmətinə daha çox banklar qoşulduqca biz də banklarla birgə telefonla ödənişlərə tələbatın və istifadəyə açıqlığının səviyyəsini təhlil edərkən ölkədə mobil ödənişlərdə sıçrayış artımın yaxın olduğunu düşünürük.

- Bu yaxınlarda Azərbaycan Mərkəzi Bankı artıq nəqliyyatdakı ödəmələrin bank kartları vasitəsilə həyata keçirilməsi sisteminin tətbiqi barədə planını açıqladı. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC -lə müvafiq məsləhətləşmələr də aparılır. Bəs “Visa” bu işlərdə iştirak edirmi?

- Şirkətimiz dünyanın ən müxtəlif şəhərlərində nəqliyyatla bağlı layihələrin həyata keçirilməsində yerli qurumlarla yaxından əməkdaşlıq edir. Belə ki, “Visa”nın nəqliyyatdakı tətbiqləri Ukrayna, Belarus, Qazaxıstan yerüstü və yeraltı nəqliyyat şəbəkələrində istifadə olunur. Hazırda London, Vankuver və Minsk metrolarının bütün stansiyalarında bizim kartlar vasitəsilə təmassız ödənişlər tətbiq olunur. Bu cür layihələri həyata keçirmək istiqamətində regionun bir çox ölkələrində, o cümlədən Azərbaycanda şəhər rəhbərlikləri, nəqliyyat qurumları və başqa aidiyyatı təşkilatlarla birgə çalışmalar yürüdürük. 

Bu layihələr həm sərnişin nəqliyyatını təkmilləşdirmək imkanını yaradır, həm də sərnişinlərı nəqliyyat kartı, jeton və biletlər almaq zərurətindən xilas edir, onlar üçün rahatlıq gətirir. Belə ki, sərnişin turniketə bank kartını və ya telefonunu yaxınlaşdırmaqla ödənişini həyata keçirir. Nəticədə nəqliyyat sistemi nəğd pul və yaxud bilet, kart, jeton kimi ödəniş vasitələrinin dövriyyəsilə bağlı böyük maddi məsrəflərdən azad olunur, bütün ödənişlər rəsmi bank tədavülü çərçivəsində şəffaf şəkildə həyata keçirilir, bununla da vergitutma işləri də xeyli asanlaşır. Bütövlükdə nəqliyyat nağdsız ödənişlərin tətbiqi üçün ən ümdə sahələrdən biridir. Odur ki, nəqliyyatda bu kimi layihələri icra etməklə doğru, şəffaf çalışan iqtisadiyyatın qurulmasına daha çox töhfə vermiş oluruq. 

Bizim müşahidələrimizə görə, məvacibini bank kartı ilə alan şəxslər arasında kartdan istifadə etməyən, yəni bütün məbləği bankomatdan çıxarıb nağdlaşdırmağa öyrəşmiş bir çox insanlar məhz nəqliyyatda nağdsız ödənişlərə tədricən vərdiş etməklə bunu başqa sahələrdə də tətbiq etməyə başlayır. Yəni ölkə iqtisadiyyatında nağdsız ödənişlərin yayılmasına ən böyük təkan məhz nəqliyyatdan gəlir.

- Azərbaycanda bu cür layihələrin nə vaxt həyata keçiriləcəyini gözləmək olar? Bank kartları vasitəsilə ödənişlər hansı nəqliyyat növündən başlayaraq tətbiq olunacaq?

- Bazarın bütün iştirakçıları ilə çalışırıq. Bu istiqamətdə konkret işlərin nəticələrini tərəfdaşlarımız olan Mərkəzi Bank və nəqliyyat qurumlarının özləri bildirəcəklər. Söhbət çoxşaxəli layihələrdən gedir. Biz işlək texniki sistemləri, ekspertizaları, geniş təcrübəmizi ortaya qoyuruq. Nəqliyyatdakı layihələr adətən daha çox böyük şəhərlərdə, meqapolislərdə tətbiq olunsa da, Ukraynanın 10 nisbətən kiçik şəhərində nəqliyyatda təmassız ödəniş sisteminin tətbiqinə nail olmuşuq.

- NFC ödənişləri geniş vüsət aldıqca dələduzluq ehtimalının da artması barədə fikirlər var. Bu barədə nələr deyərdiniz?

- Bu sualı mənə müxtəlif ölkələrdə tez-tez verirlər. Sözsüz ki, tam bir cəfəngiyyatdır. Dünya statistikasına görə müasir ödəniş texnologiyaları, o cümlədən təmassız ödənişlər tətbiq olunduqca dələduzluq halları birmənalı olaraq azalır. Dünya boyu 60 ildən artıq iş təcrübəsinə malik bir şirkət olaraq bu qədər uzun müddət ərzində uğur əldə etməyimiz məhz elə ödənişlərin təhlükəsizliyini rəhbər tutmağımızla bağlıdır. Belə ki, yeniliyi yenilik xətrinə tətbiq etmirik. Təmassız ödənişlər bir neçə qoruma səviyyəsilə təchiz olunub. Bunlar saxtalaşdırmaq mümkün olmayan çip, ödəniş zamanı çox kiçik məsafədən məlumatın oxunması, bənzərsiz şifr açarları kimi ünsürlərdir.

- Bəs bu il nağdsız ödənişlərin inkişafına dair dövlət proqramı çərçivəsində bazarda hansı yeniliklər tətbiq etmək fikrindəsiniz? Məsələn, “Visa Tap to Phone” sistemi nə zaman tətbiq olunacaq?

- 2019-cu ilin yayında CEMEA regionunun 90-dan artıq ölkəsində tətbiq etdiyimiz bu texnologiyanın hazırda Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstanda sınaqlarını keçiririk. Fikrimcə “Visa Tap to Phone” kartların ödənişə qəbulu sistemində inqilabi sıçrayışa nail olmağa qadirdir. Belə ki, bu texnologiya ilə Android əməliyyat sistemilə çalışan hər bir NFC smartfonunu POS-terminal kimi istifadə etmək mümkündür. Bunun üçün yalnız və sadəcə telefona müvafiq əlavəni yükləmək kifayətdir. Belədə təmassız kartınızı və ya telefonunuzu satıcının telefonuna toxundurmaqla bir dəstə gülün və ya bir fincan qəhvənin pulunu ödəyə biləcəksiniz. Bununla da nağdsız ödənişlər əvvəllər iqtisadi baxımdan əlverişli olmadığı kiçik ticarət məntəqələrinə şamil olunmağa başlayacaq. 

Məhz orta və kiçik sahibkarlıq seqmenti üçün nəzərdə tutduğumuz bu texnologiya artıq Azərbaycan banklarına da təklif edilib. Azərbaycandakı fəaliyyətimizin başqa istiqamətləri arasında bonusların inkişaf etdirilməsini, habelə maliyyə texnologiyaları sahəsini qeyd edərdim. Bütün bunlar da nağdsız ödənişlərin inkişafına dair dövlət proqramının icrasına töhfəmiz olaraq dəyərləndirilə bilər. Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Banklar Asosiasiyası ilə əməkdaşlığımızla fəxr edirik.

- Bütövlükdə Azərbaycanda kartlar bazarının gələcəyini necə görürsünüz? Sadaladığınız bu yeniliklərin tətbiqilə bazar, o cümlədən nağdsız ödənişlərin həcmi nə qədər böyüyüb?

- Başqa ölkələrdə adətən tokenləşdirmə xidmətinin tətbiqindən sonra “Apple”, “Google” kimi Big Tech tətbiqinin növbəsi gəlir. Gürcüstanda, Qazaxıstan, Ukrayna, Belarus kimi ölkələrdə məhz belə oldu. Sözügedən ölkələrdə təmassız ödənişlərin sürətlə artmasını görürük. Nəticədə ölkədaxili nağdsız ödənişlərdə təmassız ödənişlərin payına görə Gürcüstan dünya liderinə çevrilib. Təmassız ödəniş ortaya çıxanadək insanlar adətən yalnız iri ödənişlər üçün kartdan yararlanır, gündəlik alış-verişlərdə isə dədə-baba qaydasınca əllərini cibinə salır, pulunu çıxarıb kassirə (satıcıya) uzadırdı və sair. 

İndi isə yeni texnologiyaların tətbiqilə ödəniş alətlərinin rahatlığı artır, nağdsız ödənişlərinin sayının və həcminin görünməmiş sürətlə artdığını görürük. Bu gün Azərbaycanda da nağdsız ödənişlərin davamlı artmasının şahidi oluruq. Token xidmətinin tətbiqilə fikrimcə, bu proses daha da böyük vüsət alacaq. Buradakı tərəfdaş banklarla birgə çalışmalarımızın bəhrəsilə fəxr edirik. Şübhəsiz, Azərbaycan MDB və Cənub-Şərqi Avropada ən sürətli inkişaf edən bazarlardan biridir.

Son xəbərlər

Orphus sistemi