Azərbaycan makroiqtisadi vəziyyəti IMF-lə müzakirə edib

Azərbaycan makroiqtisadi vəziyyəti IMF-lə müzakirə edib Proqnozlar ətrafında fikir mübadiləsi aparılıb
Maliyyə
21 Aprel , 2021 16:33
Azərbaycan makroiqtisadi vəziyyəti IMF-lə müzakirə edib

Beynəlxalq Valyuta Fondunun (IMF) Maddələr Sazişi IV üzrə virtual missiyasının işə başlaması ilə əlaqədar Azərbaycan Mərkəzi Bankında (AMB) Fondun ölkə üzrə missiyasının rəhbəri xanım Nataliya Tamirisa ilə videobağlantı formatında görüş keçirilib.

Bu barədə “Report”a AMB-dən bildirilib.

Məlumata görə, görüşün məqsədi Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyi üzrə vəziyyət, 2021-ci il və ortamüddətli dövrə proqnozlar, koronavirus (COVID-19) pandemiyası şəraitində və sonrakı dövrdə pul və maliyyə sabitliyi siyasətlərinin prioritetlərinin müzakirə edilməsindən ibarət olub.

IMF nümayəndələrinə ölkədəki makroiqtisadi və maliyyə sabitliyi üzrə vəziyyət, AMB-nin ötən il və bu il həyata keçirdiyi pul və maliyyə sabitliyi siyasətləri və onların nəticələri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, pandemiyanın yaratdığı xarici və daxili təhdidlər şəraitində ölkədə qiymətlər sabitliyi, maliyyə sabitliyi və valyuta bazarının tarazlığı təmin olunub. Pandemiya dövründə həyata keçirilən pul və prudensial siyasətlər makroiqtisadi və maliyyə sabitliyi hədəfləri çərçivəsində iqtisadi aktivliyin dəstəklənməsinə xidmət edib. Belə ki, ötən dövrdə pul siyasəti həm kəmiyyət, həm də dəyər baxımından yumşaldılıb, bir sıra makroprudensial güzəştlər tətbiq edilib.

Bu ilin qalan dövründə pul və maliyyə sabitliyi siyasətləri qarşısında duran vəzifələr və proqnozlar ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin yeni nəsil islahatlara start verdiyi, növbəti 10 il üçün milli prioritetlərin müəyyən edildiyi qeyd olunub.

Xanım Tamirisa makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da ölkəmizə texniki yardımın göstərilməsinə və müvafiq məsləhətləşmələrdə iştirak etməsinə hazır olduğunu bildirib. Onun sözlərinə görə, ölkənin yeni iqtisadi inkişaf strategiyasının hazırlanması olduqca mühüm addımdır və ölkə prezidentinin rəhbərliyi altında müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq strategiya iqtisadiyyatın inkişafına mühüm töhfə verəcək.

Missiyanın fəaliyyəti dövründə qeyd olunan məsələlər ətrafında müzakirələrin davam etdirilməsi və fikir mübadiləsinin aparılmasının zəruriliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi