Azərbaycanda sərmayə qoyuluşunda bank kreditlərinin həcmi artıb

Azərbaycanda sərmayə qoyuluşunda bank kreditlərinin həcmi artıb Ölkə iqtisadiyyatına yatırılan investisiyaların 4%-ni bank kreditləri təşkil edir
Maliyyə
26 İyun , 2015 12:34
Azərbaycanda sərmayə qoyuluşunda bank kreditlərinin həcmi artıb

Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycanda ölkə iqtisadiyyatına investisiya qoyuluşunda bank kreditlərinin həcmi artıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2015-ci ilin yanvar-may ayları ərzində ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun 3,9%-ni və ya 248,1 mln. manatını bank kreditləri təşkil edib. Bu da öz növbəsində bank kreditlərinin həcmində illik 12,5% artım deməkdir. Buna baxmayaraq, maliyyə mənbələrindən ölkə iqtisadiyyatına əsas kapitala yönəldilmiş vəsiatlərdə bank kreditlərinin xüsusi çəkisi dəyişməz qalıb.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,8%-i müəssisə və təşkilatların, 19,3%-i büdcə vəsaitləri, 1,6%-i büdcədənkənar fondların, 2,5%-i əhalinin şəxsi vəsaitləridir.

İnvestisiya qoyuluşunda müəssisə və təşkilatların vəsaitləri illik 33,8% artaraq 4 604,6 mln. manat, əhalinin şəxsi vəsaitləri 22,3% artaraq 163,3 mln. manata çatıb. Bu müddətdə sərmayə qoyuluşunda büdcə vəsaitlərinin həcmi 44,9% azalaraq 1 236,4 mln. manat, büdcədənkənar fondların vəsaitləri 6,9% azalaraq 107,5 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 416,3 mln manat vəsait yönəldilib, onun 76,9%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3,7%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 12,0% artıb. Məhsul istehsalı obyektlərinin inşasına 4 151,1 mln manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 2 265,2 mln. manat yönəldilib, ümumi sərmayənin 29,1%-i dövlət, 70,9%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb.

Son xəbərlər

Orphus sistemi