Koronavirus (COVID-19) pandemiyasının fəsadlarını tam aradan qaldırmaq mümkün olmasa da, bu bəşəri bəla ilə mübarizədə ciddi qabaqlayıcı tədbirlər görən ölkələrdə iqtisadiyyat dirçəlir. Azərbaycan iqtisadiyyatı da sürətlə dirçələn ölkələrdəndir.
"Report" xəbər verir ki, iqtisadiyyatın pandemiyanın təsirlərindən xilas olmasını və dirçəlməsini bır sıra amillər şərtləndirir. Buna geniş vaksinasiya tədbirləri, karantin rejiminin çevik idarə edilməsi, fiskal dəstək paketlərinin icrası, dünya bazarlarında tələbin bir qədər yüksəlməsi qlobal iqtisadiyyatın tənəzzüldən çıxmasına, həmçinin ölkəmizdə iqtisadi artımın bərpasına imkan yaradır.
Nüfuzlu agentliklərin reytinq cədvəllərində və beynəlxalq hesabatlarda Azərbaycan iqtisadiyyatının mövqeyi davamlı yüksəlməkdədir
Təsadüfi deyildir ki, beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatına dair yenilənmiş artım proqnozları daha yüksək rəqəmlərlə ifadə edilməkdədir. Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozları bu baxımdan misal çəkilə bilər.
Belə ki, IMF 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 3 % səiyyəsində proqnozlaşdırır. Bu barədə Fondun “World Economic Outlook, Recovery During a Pandemic” adlı oktyabr icmalında qeyd olunur. Halbuki apreldə IMF 2021-ci ildə Azərbaycanda ÜDM-in 2,3 % səviyyəsində artımını proqnozlaşdırırdı. Fondun yenilənmiş qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 2,3 % artacaq (aprel proqnozunda artım 1,7 % idi). Fond 2026-cı ildə isə Azərbaycanda ÜDM artımını 1,8 % səviyyəsində proqnozlaşdırır. IMF-in proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda illik inflyasiya 4,4 % (əvvəlki proqnoz – 3,5 %) təşkil edəcək, 2022-ci ildə - 3,2 %-dək azalacaq (dəyişməyib). IMF 2021-ci ildə Azərbaycanın cari hesab balansının ÜDM-in 7,8 %-i səviyyəsində (aprel proqnozunda ÜDM-in 1,1 %-i), 2022-ci ildə - ÜDM-in 7,7 %-i səviyyəsində (aprel proqnozunda 0,5 %), 2026-cı ildə ÜDM-in 4,3 %-i səviyyəsində proqnozlaşdırır. 2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsi Fond tərəfindən 6,4 % səviyyəsində proqnozlaşdırılır. IMF-in proqnozlarına görə, 2022-ci ildə bu göstərici 6,3 %-dək azalacaq.
İqtisadiyyat Nazirliyinin proqnozlarına nəzər salsaq, görərik ki, 2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5 % ətrafında təşkil edəcək. 2020-ci ildə COVID-19 və OPEC+ sazişi çərçivəsində neft hasilatının azalması səbəbindən Azərbaycanda ÜDM-in azalması 4,3 % təşkil edib. 2020-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,8 %, tədiyyə balansının cari əməliyyatlar hesabının kəsiri ÜDM-in 0,5 %-ni, işsizlik səviyyəsi 7,2 % təşkil edib.
Nüfuzlu beynəlxalq reytinqlərdə ardıcıl irəliləyişlər
Qeyd edək ki, dünyada 100-ə yaxın reytinq agentliyi mövcuddur. Onların içərisində ən nüfuzluları “böyük üçlük” sayılan “Fitch Ratings”, “Moody's” və “Standard & Poor's” reytinq agentlikləridir. Bu qurumların reytinq qiymətlərini hesablamaq üsulları bir-birindən fərqlənsə də, ümumi oxşar cəhətlərə malikdirlər.
Nüfuzlu reytinq agentliklərinin Azərbaycanla bağlı qiymətləndirmələri, əsasən, stabil və müsbət dinamikası ilə diqqət çəkir. Məsələn, bu ilin əvvəlində “Standard & Poor's” agentliyi ölkəmizin reytinqləri üzrə proqnozunu “mənfi”dən “stabil”ə yüksəldib.
Pandemiyanın təsirlərinə baxmayaraq, Azərbaycan “BB” kateqoriyalı ölkələr sırasında ən güclülərdəndir. Belə ki, 2021-2024-cü illər üçün ÜDM-in təxminən 74 %-i səviyyəsində proqnozlaşdırılan iri likvid dövlət aktivləri bundan sonra Azərbaycanı iqtisadi və maliyyə böhranlarından qoruyacaq.
Bundan başqa, ötən il “Fitch Ratings” agentliyi Azərbaycanın uzunmüddətli xarici valyuta emitenti reytinqini “BB+” səviyyəsində təsdiq edib. Azərbaycanın xarici balans hesabatının, həmçinin borclarının az olması ölkənin iqtisadi-maliyyə sistemini gücləndirən amildir.
Bu baxımdan “Moody`s” reytinq agentliyinin Azərbaycanda neft hasilatı ilə bağlı 2021-ci il üçün verdiyi proqnazlar da maraqlı idi. “Moody`s”in ekspertləri 2020-ci ilin iqtisadi tənəzzülündən sonra 2021-ci ildə neft bazarının aktivliyinin bərpa olunacağını gözləyirdilər. “Moody's”, həmçinin, Azərbaycanın maliyyə sektorundakı islahatlarını da müsbət qiymətləndirib. Reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqini və Azərbaycanın təmin edilməmiş prioritet öhdəlikləri reytinqini "Ba2" səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz “sabit”dən “müsbət”ə dəyişdirilib. "Müsbət" proqnoz idarəetmə və siyasi səmərəliliyin yaxşılaşmasından xəbər verir ki, bu da hökumətin kredit profilinin dayanıqlılığını artıra bilər.
İqtisadi inkişafın davamlılığını təmin edən islahatların müsbət nəticələri beynəlxalq hesabatlarda
Azərbaycan iqtisadiyyatının qlobal təsirlərə dayanıqlı və davamlı inkişafı, rəqabətqabiliyyətliliyi müxtəlif nüfuzlu beynəlxalq qurumların hesabatlarında aydın şəkildə əks olunub. Bu barədə bir neçə misal gətirək.
Dünyanın ən böyük beyin mərkəzlərindən olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan dünya və regional reytinqlərdə irəliləyiş əldə edib. Ölkəmiz hesabatda dünya reytinqində əvvəlki hesabat ili ilə müqayisədə 6 pillə irəliləyərək 178 ölkə arasında 38-ci yer, regional reytinqdə – Avropa regionu üzrə əvvəlki hesabat ili ilə müqayisədə 1 pillə irəliləyərək 45 ölkə arasında 23-cü yerə yüksəlib. Bununla yanaşı, Azərbaycan hesabatda dünya üzrə orta göstəricidən (61,6 bal) yuxarı və Avropa regionu üzrə orta göstəriyə bərabər nəticə əldə edərək 70,1 bal qazanıb. Eyni zamanda, hesabatda iqtisadi azadlıq təsnifatı üzrə ölkəmiz “Orta dərəcədə azad (Moderately Free)” ölkələr qrupundan “Əsasən azad (Mostly Free)” ölkələr qrupuna daxil edilib.
Davos İqtisadi Forumu tərəfindən 2019-cu ildə nəşr edilən “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb.
Yaxud “Qlobal İnnovasiya” indeksində Azərbaycan mövqeyini 2 pillə yaxşılaşdıraraq 132 ölkə arasında 80-ci olub. Bu məlumat Kornell Universitetinin (ABŞ), INSEAD Biznes məktəbinin (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə “Qlobal İnnovasiya İndeksi-2021” (Qİİ-2021) nəşrində dərc olunub. Hesabat ölkələrin innovasiya qabiliyyətinə və uğuruna görə illik reytinq sıralamasıdır. Hesabat, əsasən, korporasiyalar və dövlət rəsmiləri tərəfindən ölkələri innovasiya səviyyəsinə görə müqayisə etmək üçün istifadə olunur.