​Azərbaycan ipotekanın maliyyələşdirilməsini artırmağı planlaşdırır

​Azərbaycan ipotekanın maliyyələşdirilməsini artırmağı planlaşdırır Elman Rüstəmov: "Azərbaycanda ipotekaya ayrılan vəsaitin artırılması ilə bağlı Mərkəzi Bankı və Maliyyə Nazirliyi arasında məsləhətləşmələr aparılır"
Maliyyə
20 Noyabr , 2014 14:47
​Azərbaycan ipotekanın maliyyələşdirilməsini artırmağı planlaşdırır
Bakı. 20 noyabr. REPORT.AZ/ Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) qiymətləndirməsinə görə, Azərbaycanda ipotekaya olan ilkin tələbat 6 mlrd. ABŞ dolları təşkil edir. "Report" xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında Azərbaycanın 2015-ci il büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib: "Bu tələbatı ödəmək üçün çox ciddi maliyyə resursları lazımdır. Ölkənin ciddi maliyyə resursları var və bu gün bu resurslardan istifadə edirik. Azərbaycanda ipotekaya ayrılan vəsaitin artırılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi arasında məsləhətləşmələr aparılır".

AMB-nin sədri əlavə edib ki, hökumət yaxın illərdə, o cümlədən 2015-ci ildə ipotekaya ayrılan vəsaitin həcminin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı addımlar atmağı planlaşdırır.

E.Rüstəmov həmçinin qeyd edib ki, əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün alman ipoteka modeli də nəzərdən keçirilir: "Tikinti-əmanət bankları haqqında qanun layihəsi artıq hazırdır. Bu, olduqca ciddi bir institutdur. Almaniyanın müharibədən sonrakı dağıdılmış mənzil təsərrüfatının bərpasında müstəsna rol oynayıb. Bu bankın aktivləri Almaniyanın ÜDM-in 30%-ni təşkil edir. Burada dövlət çox aktiv rol oynayır. Əhalinin yığımlarını stimullaşdıran bu banka Almaniyanın özündə 8%, başqa dövlətlərdə isə 30%-ə qədər əhalinin yığımına dövlət özü vəsait qoyur. Burada dövlətin xeyiri nədir? Bu, dövlətin iqtisadi canlanma, məşğuliyyət, büdcəyə daxil olan vəsaitlərini artırır. Bu modelin üzərində ciddi düşünürük".

AMB sədri qeyd edib ki, bütövlükdə Azərbaycanda ipoteka sisteminin yenidən qurulması istiqamətində ardıcıl addımlar atılacaq.

Qeyd edək ki, 2015-ci il dövlət büdcəsi layihəsində sosial ipotekanın maliyyələşdirilməsinə ayrılan vəsaitin 25% - 50 mln. manatadək artırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi