İpoteka və Kredit Zəmanət Fondunun bu günlərdə açıqladığı stastistikadan məlum oldu ki, Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin 93%-i mənzillərin, 7%-i isə fərdi evlərin alınması üçün ayrılıb. Göründüyü kimi, ipoteka krediti ilə həyət evi alanların xüsusi çəkisi heç 10%-ə də çatmır. "Report" bunun səbəblərinə aydınlıq gətirməyə çalışıb.
"Vətəndaşlar əsasən mənzil almağa maraq göstərir"
Azərbaycan banklarından birinin İpoteka məhsullarının yaradılması şöbəsinin rəisi Rəşad Məmmədov deyir ki, kreditləşdirilən fərdi evlərin sayının az olması daha çox vətəndaşların istəyi ilə bağlıdır: "Bankların fərdi evlərə ipoteka krediti verilməsi ilə bağlı məhdudiyyəti yoxdur. İpoteka və Kredit Zəmanət Fondunun qaydaları çərçivəsində həyət evləri maksimum kreditləşdirilir. Sadəcə ipoteka krediti ilə daha çox Bakı, Abşeron və Sumqayıtda evlər alınır. Bu ərazilərdə isə insanlar əsasən mənzil almağa maraq göstərirlər. Çünki mənzillər fərdi evlərə nisbətən daha likviddir, lazım gəlsə rahat satılır. Mənzillərin qiyməti tədricən artır, amma fərdi evlər nəinki bahalaşa, hətta ucuzlaşa bilər. Bu gün 100 min manata alınan həyət evini sabah 50 min manata satmağa məcbur ola bilərsiniz. Bundan başqa, fərdi evlərin saxlanılması xərcləri çoxdur. Bu, xüsusilə istiliklə təchizat xərclərinə aiddir. İpoteka ilə əmlak alan şəxs isə özünü çox əlavə xərcə salmaq istəmir. Mənzilləri rahat kirayəyə vermək olur, fərdi evlərlə bağlı isə bunu etmək çətindir".
"Banklar fərdi evləri kreditləşdirməyə ehtiyatla yanaşır"
Bununla belə, banklar da fərdi evlərə kredit verməkdə elə də maraqlı deyillər. R.Məmmədovun sözlərinə görə, kredit təşkilatları həyət evlərinin problemlərinin çox olduğunu və lazımi likvidliyə malik olmadığını nəzərə alaraq bacardıqrca belə əmlakları kreditləşdirməkdən qaçır, onlara ehtiyatla yanaşırlar: "İpoteka krediti üçün müvəkkil qiymətləndirmə şirkətinin rəyi olmalıdır. Həmin rəydə evin vəziyyəti, likvidliyi öz əksini tapır və qiymət müəyyən olunur. Qiymətləndirici evin normalara uyğun tikilmədiyini, qəzalı vəziyyətdə olduğunu və yaxud yaşayış səviyyəsinə uyğun gəlmədiyini bildirdikdə bank onu girov götürüb kreditləşdirə bilməz".
"Vətəndaşların imkanı əsasən mənzil almağa çatır"
Ölkədəki digər bankın İpoteka kreditləri şöbəsinin müdiri Xalid Hətəmov isə deyir ki, ipoteka krediti ilə ev alanların çoxu bununla adətən ilk və yeganə evinə sahib olur. Vətəndaşların imkanı əsasən mənzil almağa çatır: "Ötən il bizim bankın verdiyi 150 ipoteka kreditinin cəmi 11-i fərdi evlərin alınması məqsədi ilə ayrılıb. Kreditlə ev almaq istəyən müştərilərin əksəriyyətinin başqa evi olmur və əllərindəki pulla daha çox mənzil almaq istəyirlər. Çünki, onların malik olduğu büdcəyə uyğun həyət evi tapmaq çətindir".
"Fərdi evlərin çoxunun normal sənədi yoxdur"
Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev isə fərdi evlərin az kreditləşdirilməsini onların çoxunun sənədlərinin qaydasında olmaması ilə uzah edir: "İpoteka ilə alınan, girov qoyulan daşınmaz əmlakın dövlət qeydiyyatı olmalıdır. Fərdi evlərin çoxunun normal sənədi yoxdur. Bununla belə, onların sayı heç də mənzillərin sayından az deyil. İnsanlar ev problemini daha çox Bakının ətrafında həyət evi tikməklə həll edir və son nəticədə Abşeron yarımadasında təxminən 500 min şəxsi ev var. Amma onları ipoteka yolu ilə kiməsə satmaq problemdir. Çünki, həmin evlərin çoxudunun "çıxarış"ı yoxdur. Normal sənədi olan evlər isə çox bahadır və insanlar onları kreditlə almaqda elə də maraqlı deyillər. Üstəlik, dövlətin müəyyən etdiyi krediti limiti (150 min manat) da əksər hallarda normal fərdi ev almağa imkan vermir".